Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 16-19 mart 2017-cı il tarixlərində fasiləsiz olaraq 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub. Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. Onun sözlərinə görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunacaq və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər: "Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq. Yarmarkalar aşağıdakı yerlərdə keçiriləcək".
Bakı şəhəri üzrə:
Xətai rayonu:
-Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı Nərimanov rayonu:
-Keşlə bazarının ərazisi;
Səbail rayonu:
-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
Suraxanı rayonu:
-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
Binəqədi rayonu :
-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.
Sumqayıt şəhəri üzrə (2 yerdə):
-12-ci mikrorayon
-köhnə avtovağzalın yanı
Respublikamızda Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil ediləcək kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında, eləcə də bayram ərəfəsi və bayram günlərində Respublikanın digər şəhər və rayonlarında keçiriləcək yarmarkalarda, gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Dövlət Baytarlıq Nəzarət Xidmətindən SİA-ya verilən məlumata görə, bazarlarda əhalini keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin etmək, insanların sağlamlığını qorumaq, ticarət yerlərində baytarlıq-sanitariya qaydalarına ciddi nəzarətin aparılması məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkdir. Bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti əmr imzalayıb. Əmrdə bayram ərəfəsi və bayram günlərində rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə heyvan və heyvan mənşəli məhsullarının satışı yerlərində ətin və digər heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilən, qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi, ticarət üçün ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan, heyvan mənşəli məhsulların və xammalın satışının qarşısının alınması, bazarlarda və yarmarkalarda baytarlıq-sanitariya ekspertiza işlərində keyfiyyətin artırılması tapşırılır. Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində təşkil edilmiş yarmarkalara çıxarılacaq heyvan və heyvan mənşəli məhsulların vaxtında və yerindəcə müayinələrinin yüksək səviyyədə təşkili üçün ərazilərdə səyyar baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB