Qubada Azərbaycanın aqrar sektorunda sığorta sistemi müzakirə ediləcək
Fevralın 28-də Qubada "Fermer evi"ndə fermerlər və fermer assosiasiyaları üçün aqrar sığortanın əsas prinsiplərini təqdim etmək məqsədilə görüş keçiriləcək. Görüş Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə həyata keçirdiyi "Aqrar Sığorta Sisteminin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində təşkil olunur.
Görüşdə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri iştirak edəcəklər. Mütəxəssislər dünyada mövcud təcrübələrdən məlumat verəcək, Azərbaycana uyğun sistemlər barədə fikirlərini bildirəcəklər. Kənd təsərrüfatında dəyər zəncirləri, mövcud risklər, itkilər barədə ekspert araşdırmaları dinləniləcək. Hərtərəfli sorğu və geniş müzakirələr zamanı fermerlərin rastlaşdığı zərərlər, risklər, aqrar sığorta barədə təsəvvür və gözləntiləri, məlumat ala bilmə imkanları öyrəniləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi fermerlərin maliyyə mənbələrinə daha asan çıxışına kömək etmək üçün Azərbaycanda davamlı və dayanıqlı şəkildə fəaliyyət göstərəcək aqrar sığorta sisteminin qurulması məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq edir. Risklərin azaldılması ilə aqrar sığorta sisteminin sektorun stabilliyini təmin etməsi, məhsul itkisi ilə bağlı təzminatın ödənilməsinin fermerlərin müflisləşmə ehtimalını azaldaraq kreditlərini ödəmə imkanlarını artırması aqrar sığortadan başlıca gözləntilərdir.
Layihə Avstriyanın Maliyyə Nazirliyi və Macarıstanın İxrac-İdxal Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Görüşdə iştirak etmək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin saytında http://agrocredit.gov.az/az/events səhifəsində qeydiyyata düşə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB