“Prezident bir daha vurğuladı ki, məmur xalqın xidmətçisidir” Millət vəkili
"Prezident İlham Əliyevin Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söylədiyi fikirlər, yekun nitqi bir daha onu göstərdi ki, Azərbaycan bir sabitlik adasıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, dünyada gedən mənfi proseslərin təsirlərinə baxmayaraq, Azərbaycanda inkişaf var: "Bu inkişafın artıq yeni meyilləri ortaya çıxmaqdadır. Sosial müdafiə təmin olunur, əhalinin güzəranı daim dövlətin diqqət mərkəzindədir. Əhali ilə dövlət başçısı arasında sıx birlik var".
M.Quliyev əlavə edib ki, Prezident 2014-cü ildən bu yana regionların sosial- iqtisadi inkişafına dair üç dövlət proqramının nəticələri barədə fikirlərini söylədi və onların nə qədər böyük əhəmiyyəti olduğunu vurğuladı: "Birinci proqramın Azərbaycanda infrastrukturun yaradılmasında çox mühüm əhəmiyyəti olduğunu söylədi. İknci proqramda Azərbaycanın regionlarında emal sənayelərinin, yeni iş yerlərinin, qeyri-neft sektorunun inkişafına təkan verə biləcək layihələrin həyata keçirilməsinin uğurlu nəticələrini qeyd etdi. Üçüncü mərhələdə əhalinin məşğulluğunun təmin edilməsi, qeyri- neft sektorunun gəlirləri hesabına büdcənin formalaşması, ixrac sənayesinin artırılması imkanlarını vurğuladı. Dövlət başçısı bir daha qeyd etdi ki, artıq Azərbaycan öz inkişafının yeni mərhələsinə, post-neft dövrünə qədəm qoyub. Amma bundan sonra da on illərlə neft və qaz Azərbaycan xalqına xidmət edəcək. Lakin buna baxmayaraq, biz ümummilli gəlirlərimizi və dövlət büdcəmizi qeyri-neft gəlirləri hesabına formalaşdırmalıyıq. Prezident kənd təsərrüfarında görülmüş çox böyük işlər barədə danışdı, müsbət fikirlərini söylədi, qarşıya qoyulan məsələlərin öz həllini tapdığını dedi. Kənd təsərrüfatında pambıqçılıq kimi ənənəvi sahələrlə yanaşı, fındıqçılıq, badam əkini və digər sahələrin inkişafına önəm verdi və dövlət dəstəyindən danışdı. Bütün bu işgüzar mühit ölkə Prezidentinin diqqəti və qayğısı altındadır. Bu diqqət və qayğı hər zaman davam edəcək. Dövlət başçısı turizm sahəsinin uğurlarından danışdı, gələcəkdə bu sahənin inkişafı üçün potensialımızın olduğunu vurğuladı".
M.Quliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq iqtisadi reytinqində də yüksəliş olub: "Baxmayaraq ki, ötən il ağır il oldu, həm neftin qiyməti aşağı düşdü, həm dünyada böhran dərinləşdi, Azərbaycan öz iqtisadi reytinq səviyyəsini bir az artırdı. Həm biznesin inkişafı, həm sahibkarlıq mühitinin yaxşılaşdırılması, o cümlədən sosial müdafiənin təmin olunması baxımından da bizim reytinqlərimiz yüksəlib. Bu ilin dövlət büdcəsi nisbətən yığcam olmasına baxmayaraq, 40 faizi sosial sahənin maliyyələşməsinə həsr olunub".
M.Quliyev deyib ki, bütövlükdə Prezident qarşıya qoyulan məsələləri şərh etdi və qarşıda duran problemlərin həlli yollarını da göstərdi: "Daxili istehsalın genişləndirlməsinin, idxal məhsullarından asılılığın aşağı salınmasının, Azərbaycan brendi altında məhsulların daha çox xarici bazarlara çıxarılmasının vacib olduğunu vurğuladı. Göstərdi ki, bütün bunlar Azərbaycanın həm iqtisadi əlaqələrinin möhkəmlənməsinə, həm də dövlət büdcəsinin milli gəlirin artmasına səbəb olan fakrorlardır. Cənab Prezident məmurlara öz ciddi tapşırıqlarını və tövsiyələrini verdi, əhali ilə, vətəndaşla münasibətdə nümunə olmağı tapşırdı. Rüşvət, korrupsiya, monopoliya hallarının qarşı mübarizənin daha da sərtləşəcəyi mesajlarını verdi, eyni zamanda rəftarın daha sivil, mədəni, yumşaq formada aparılması, bürokratik əngəllərin aradan qaldırılması məsələlərinə də toxundu. Bir daha vurğuladı ki, məmur xalqın xidmətçisidir, məmur xalqın xidmətçisi olanda vətəndaş dövlət münasibətləri də səmimi və sıx müstəvidə qurulur. Bütövlükdə bu müşavirə bir daha göstərdi ki, Azərbaycanın sosial iqtisadi inkişafı möhkəm təməllər üzərində qurulub. Ölkəmiz yeni çağırışlara vaxtında reaksiya verir. Ümumdünya böhranının ölkəmizdə hiss olunmayacaq dərəcədə yumşaq keçməsi də bizim strateji xəttimizin düzgün müəyyən edildiyini təsdiqləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB