Vergi orqanlarının büdcədənkənar fondu necə formalaşır?

Vergi orqanlarının büdcədənkənar fondu necə formalaşır?

Vergi orqanlarının büdcədənkənar fondunun vəsaitləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşır.

SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası"nda edilmiş dəyişikliklərlə bağlı Qərarında bildirilib.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nın 17-ci bəndində nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğinin 20 faizi üzrə formalaşan büdcədənkənar gəlirlər də Fondda toplanılır.

Qərarda, həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi vergi orqanlarının sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi­texniki potensialın artırılması məqsədilə istifadə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə