FED-in yeni qərarı valyuta bazarına necə təsir göstərəcək? ŞƏRH

FED-in yeni qərarı valyuta bazarına necə təsir göstərəcək? ŞƏRH

"ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra dolların məzənnəsinin dünya bazarında artması müşahidə olunur. Avro və funt sterlinq isə dollara nisbətdə ucuzlaşıb. Eyni zamanda, neftin qiymətində azalmalar qeydə alınıb". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O qeyd edib ki, dolların uçot dərəcəsinin artması strateji məhsulların qiymətlərinə təsir göstərib: "Strateji məhsulların qiymətlərində ucuzlaşma müşahidə edilir. Qərar inkişaf etməkdə olan və eləcə də neft ölkələri üçün əlverişli deyil. FED-in uçot dərəcəsini artması qlobal qərar kimi qəbul edilməlidir. Çünki bu gün dünya ehtiyatlarının 64 faizi dollarda saxlanılır, ABŞ pulu dünya valyutası rolunu oynayır. FED-in uçot dərəcəsini artması manata da psixoloji təzyiqi artırır. Güman olunur ki, Azərbaycanın valyuta bazarında dollara tələb yüksələcək. Dollara tələbin artması isə manata təzyiqi artıracaq. Bu baxımdan FED-in qərarı milli valyutamızın məzənnəsi üçün arzuolunan deyil. Mərkəzi Bank çalışacaq ki, növbəti günlərdə manata olan təzyiqi azaltsın".

İqtisadçı növbəti dövrdə dünya bazarında neftin qiymətinə ABŞ və Kanadanın təsir göstərəcəyini bildirib: "Növbəti dövrdə neftin qiyməti möhkəm dollar fonunda ABŞ və Kanadanın dünya bazarına hansı həcmdə neft çıxarmasından asılı olacaq. ABŞ neftin dünya bazarında qiymətinə təsir etmək imkanına malik olan ölkəyə çevrilib".

Bütün xəbərlər Facebook səhifəmizdə