"2016-cı ilin fevralında Mərkəzi Bank üzən məzənnənin prinsipi olaraq valyuta bazarında iştirakını minimuma endirib, Neft Fondunun valyuta bazarında satışları isə şəffaf əsasda elektron bazada təşkil olunmuş hərraclar vasitəsi ilə həyata keçirilib. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, yeni məzənnə siyasətinə keçid pul siyasətinin sərtləşdirilməsi ilə müşayiət olunub, faiz dərəcələri əhəmiyyətli yüksəldilib və inflyasiya səviyyəsinə uyğunlaşdırılıb: "Başlıca iqtisadi qurumlarla razılaşdırılmaqla sərt pul proqramı hazırlanıb və pul bazası ciddi nəzarətə götürülüb. İlin əvvəlindən pul bazası cəmi 11 faiz artıb. Bunun əsas artım amili maliyyə sabitliyinə dəstək o cümlədən bank sisteminin likvidliyinin və ödənişlərinin təmin olunması, əhalinin əmanətlərinin qaytarılması olub. Mərkəzi Bank aktiv olaraq izafi pul kütləsinin sterilizasiyası, yəni dövriyyədən çıxarılmasını həyata keçirib. Pul kütləsi 2015-ci ildə 50 faiz azalıb. 2016-cı ildə Mərkəzi bank depozit əməliyyatları və qısamüddətli notlar vasitəsi ilə sterilizasiyasını davam etdirib. Mərkəzi Bank cari ildə maliyyə sabitliyinə dəstək çərçivəsində verilmiş vəsaitlərin əhəmiyyətli hissəsini sterilizasiya edib. Bu sterilizasiya əməliyyatlarının həcmi təxminən 6 mlrd. manat təşkil edir. Bununla izafi pul kütləsinin valyuta və əmtəə bazarlarına daxil olması və orada gərginlik yaratmasının qarşısı alınıb".
AMB İdarə Heyətinin sədri qeyd edib ki, məzənnə korreksiyası nəticəsində 2015-2016-cı illərdə milli iqtisadiyyatın xarici ticarətdə qiymət üstünlüyünü ifadə edən əsas göstərici- manatın nominal və real effektiv məzənnəsi əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətən 50 fazidən çox ucuzlaşıb: "Bütövlükdə görülən tədbirlər strateji valyuta ehtiyatlarına düşən təzyiqi azaltmaqla və 2014-cü ilin transferləri bazasında, 2015-2017-ci illərdə 20 mlrd. ABŞ dollarından çox starteji valyuta ehtiyatlarına qənaət etməyə imkan verib. Son 2 ildə qeyri-neft və əmtəə idxalı 36 faiz, təxminən 6 mlrd. dollar azalıb. Qeyri-neft xidmətlər balansının ümumi kəsiri 3 dəfədən çox azalıb. Bu dövrdə turizm xidmətləri üzrə balans 700 mln. dollar yaxşılaşıb, defisit profisitə çevrilib. Bütövlükdə neft sektoru nəzərə alınmaqla ölkənin xarici ticarət və xidmətlər balansı profisitlidir. Lakin görülmüş monetar və fiskal tədbirlər tədiyyə balansında kəsiri hələ ki, tam aradan qaldırmayıb. Proqnozlara görə, 2016-cı ildə tədiyyə balansında 5 mlrd. dollar həcmində kəsir gözlənilir. Aparılan təhlillər göstərir ki, bu defisitin böyük bir hissəsi, 80 faizi bütövlükdə kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsirlə əlaqədardır. Yəni, bunlar fiksə edilmiş xarici öhdəliklərdir. Cari hesabın hələ də kəsirlə olması onunla bağlıdır ki, 2016-cı ildə neftin təxminən 16 faiz ucuzlaşması davam edib. Nəticədə cəmi ixarcın həcminin 2015-ci il ilə müqayisədə 2016-cı ilin sonuna 18 faiz və ya 2,8 mlrd. dollar azalacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB