Nazir DSMF-nin digər xərclərinin artma səbəblərini AÇIQLADI

Nazir DSMF-nin digər xərclərinin artma səbəblərini AÇIQLADI

Gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə sərf olunacaq vəsaitin həcmi məlum olub. SİA-nın xəbərinə görə, Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi"ndə proqnozların tərtibi zamanı gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb.

Onun sözlərinə görə, gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manatın sərf olunacağı nəzərdə tutulur.

Gələn il Dövlət Sosial Müdafiə Fondunun digər xərclərinin 81,8 milyon manat nəzərdə tutulduğunu açıqlayan S. Müslümov bunun cari ilə nisbətən 13,4 mln. manat və ya 19,6% yuxarı olduğunu qeyd edib: "Bu sahədə xərc artımı əsasən Fondun aparatının saxlanılması istiqamətində proqnozlaşdırılıb. Belə ki, Fondun aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin proqnozu 2017-ci il üçün 40 mln. manat və ya hazırkı ilə nisbətən 13 mln. manat çox nəzərdə tutulub. Bu artım Prezident İlham Əliyevin bu ilin martın 18-də verdiyi Fərmanla Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi və ölkə başçısının 2016-ci il 24 iyun tarixli fərmanı ilə Dövlət Sosial Təminat Xidmətinin Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi nəticəsində aparılmış struktur dəyişikliyi ilə əlaqədar Fondun fəaliyyət sferasının genişlənməsi və işçi heyətinin sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır. Əgər Birləşməyə qədər fondun işçilərinin sayı 2700 nəfər idisə, hazırda bu göstərici 4790 nəfər təşkil edir. Gördüyünüz kimi bu artım işçilərin əmək haqlarının maliyyələşdirilməsinə yönəldiləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə