Dolların ən çox bahalaşacağı dövr açıqlandı EKSPERT RƏYİ

Dollarda bahalaşma məhz toplantıya qədər olan dövrdə daha çox müşahidə olunacaq
Dolların ən çox bahalaşacağı dövr açıqlandı EKSPERT RƏYİ

"Hazırda yeni gözləntilər fonunda dünya bazarında ABŞ dollarının möhkəmlənməsi prosesi müşahidə olunur. Xüsusilə də dollar inkişaf etmiş ölkələrin məzənnələri avro, funt sterlinqə qarşı möhkəmlənməkdədir. Bu əsasən dekabrın 13-14-də baş tutacaq ABŞ Mərkəzi Bank toplantısına hesablanan investor davranışlarının nəticəsidir". Bunu SİA-ya iqtisadçı-ekspert Rəşad Həsənov Federal Ehtiyatlar Sisteminin (FED) rəhbər müavini Stenli Fişerin dolların faiz dərəcələrinin aşağı olması ilə bağlı fikirlərini şərh edərkən deyib.

O bildirib ki, investorların böyük əksəriyyəti hesab edir ki, növbəti toplantıda Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcələrini artıracaq: "Bu, həm də 2015-ci ilin təcrübəsidir. Belə ki, o zamanda ilin son ayında FED tərəfindən faiz dərəcələrinin qalxması ilə bağlı qərar qəbul edilmişdi. FED ilin əvvəlində məzənnə siyasətini açıqlayarkən uçot dərəcəsinin artırılmasını hədəfə alan siyasət izləyəcəyini bildirib. İlin ikinci yarısından isə ABŞ iqtisadiyyatına xas göstəricilər müsbət dinamika nümayiş etdirməkdədir. İlin ilk yarım ilində ABŞ iqtisadiyyatında göstəricilər aşağı idi, lakin ikinci yarım ildə bu göstəricilər müsbətə doğru dəyişib. Hazırda ABŞ-da işsizlik bir neçə aydır ki özünü qoruyub saxlaya bilir. Bütün bunlar deməyə əsas verir ki, dolların faiz dərəcələri artırılacaq".

Ekspertin sözlərinə görə faiz dərəcələri qalxsa da dekabrın 14-dən sonra dolların qiymətində ciddi bahalaşma qeydə alınmayacaq: "Qısa müddətli dalğalar ola bilər. lakin ümumi götürəndə dollarda bahalaşma məhz toplantıya qədər olan dövrdə daha çox müşahidə olunacaq ki, artıq bu proses gedir. Adətən investorlar öz mövqelərini əslində proqnozlara uyğun müəyyənləşdirirlər ki, bu da dolların dekabr görüşündən əvvəlki dövrdə möhkəmlənməsi ehtimalını daha da artırır".

Məlumat üçün nəzərinizə çatdıraq ki, Federal Ehtiyatlar Sisteminin (FED) rəhbər müavini Stenli Fişer (Stanley Fischer) açqlamasında bildirib ki, iqtisadi şəraitin həssaslığı böhranla mübarizədə FED-in pul siyasətini çətinləşdirir. "Faiz dərəcələrinin aşağı olması şəraitində faizləri azaltmaq üçün pul siyasəti daha az fəaliyyət sərbəstliyinə malik olur. Aşağı faiz dərəcələri maliyyə sabitliyinə təhdid yaradır və iqtisadiyyatın uzun müddətə inkişafını azaldır"– deyə, Fişer qeyd edib.

İqtisadiyyatın bəzi sahələrində çətinlik yaşandığını deyən Fişer faiz dərəcələrinin aşağı qalmasının digər səbəbi kimi digər ölkələrin iqtisadiyyatlarında inkişafın azalması, investisiyaların aşağı səviyyədə qalması və istehsaldakı inkişafın zəifləməsini göstərib.

Qeyd edək ki, FED-in bu ilki son iclası dekabrın 13-14-də keçiriləcək və 2 günlük iclasdan sonra faiz dərəcələri ilə bağlı qərar açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə