Ərçivan qəsəbəsində keçirilən görüşdə mövcud problemlərlə yanaşı, kənd təsərrüfatının dirçəldilməsi məqsədilə görülən tədbirlərdən, qarşıda duran vəzifələrdən ətraflı söhbət aparılıb
SİA-nın məlumatına görə, Noyabrın 11-də Ərçivan qəsəbəsində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin, Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədovun, hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərlərinin, kənd təsərrüfatı ilə məşğul olan təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən səyyar qəbul və görüşdə ictimaiyyətin nümayəndələri, fermer və sahibkarlar onları düşündürən, narahat edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Qəsəbə sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Nazirlər Kabinetinin sonuncu iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair verdiyi tapşırıqlarla əlaqədar rayonda, o cümlədən Ərçivan qəsəbəsində görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat verib, görüş iştirakçılarını əsas diqqəti kənd təsərrüfatı əkinlərinin genişləndirilməsi üçün həlli vacib olan məsələlərə yönəltməklə təklif və rəylərini bildirməyə dəvət edib.
RİHB-nın Ərçivan qəsəbəsi üzrə nümayəndəsi Cəbrayıl Salmanov və Ərçivan bələdiyyəsinin sədri İradə Rzayeva çıxış edərək ərazidə görülən geniş quruculuq və abadlıq işləri barədə ətraflı məlumat vermiş, xüsusən əkin sahələrinin dövriyyəyə buraxılması istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə mövcud olan problemlər və çıxış yolları barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, Ərçivan qəsəbəsində cari ildə fərdi təsərrüfatlarda 349 hektarda, pay və bələdiyyə torpaqlarında 577,5 hektarda əkinlər aparılıb. 14 hektarda çəltik, 64 hektarda dənli bitkilər, 50 hektarda paxlalılar, 110 hektarda bostan bitkiləri, 464 hektarda tərəvəz, 20 hektarda qarğıdalı, 160 hektarda kartof əkinləri keçirilib. Qəsəbə bələdiyyəsi tərəfindən icarəyə verilən torpaq sahələrinin xeyli hissəsində əkin aparılmaması narahatlıq doğurur. Bu sahədə mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar bələdiyyə tərəfindən təsirli tədbirlər görülür. Qəsəbə ərazisində kənd təsərrüfatının inkişafı üçün əkin sahələrinə gedən yolların texnikanın hərəkəti üçün açılması, kanalların istiqaməti üzrə dəyişdirilməsi, texnikadan və gübrələrdən səmərəli istifadə edilməsinə şərait yaradılması və digər bu kimi məsələlərə köməklik göstərilməlidir.
Görüşdə qəsəbə sakinlərindən Bayram Vəliyev, Məmməd Abdullayev, Əhməd Həsənov, Heybət Süleymanov, Qənbər Quliyev, Məmmədağa Əliyev, Əfqan Rzayev, Teymur Rəcəbov və başqaları çıxış edərək onları narahat edən problemlər, kənd təsərrüfatının inkişafı üçün vacib olan məsələlər barədə tənqidi qeyd, təklif və rəylərini bildiriblər. Onlar Ərçivan qəsəbəsində mövcud bankomatın götürülməsi nəticəsində yaranan çətinliklər, yeni uşaq bağçasının tikintisi, qəsəbə 1 saylı tam orta məktəbin binasının əsaslı təmiri, baytarlıq laboratoriyasının yaradılması, kənd təsərrüfatı texnikası və gübrələrlə təminat sahəsində müvafiq köməklik göstərilməsi və digər məsələləri diqqətə çatdırıblar.
Rayon Baytarlıq idarəsinin rəisi Mübariz Axundov, Kənd Təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov çıxış edərək qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlər barədə fikirlərini bildirmiş, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün onlara bundan sonra da hərtərəfli kömək göstəriləcəyini, kənd təsərrüfatı texnikası, gübrə və dərmanlara olan tələbatın ödənilməsi üçün konkret tədbirlər görüləcəyini nəzərə çatdırıblar. Texnikadan istifadə olunarkən və gübrə satışı ilə əlaqədar mövcud qiymətlər barədə qabaqcadan əhaliyə ətraflı məlumat veriləcəkdir.
Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov görüşdə çıxış edərək yerlərdə belə səmərəli və işgüzar görüşlərin çox faydalı olduğunu, son dövrdə respublikamızda Ölkə başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin ərzaqla təminatında müstəsna rol oynayan kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi istiqamətində konkret və əməl tədbirlərin görüldüyünü, ənənəvi əkinçiliyin inkişafına ciddi önəm verildiyini diqqətə çatdırıb. Astara rayonunda ənənəvi əkinçilik növləri olan çayçılığın, çəltikçiliyin və baramaçılığın inkişaf etdirilməsinin vacibliyini bildirən natiq bu işdə bütün əhalinin fəal iştirakının təmin olunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulayıb.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüş zamanı qaldırılan bütün məsələləri diqqətlə araşdırılacağını, geniş təhlillər aparılacağını, xüsusən qəsəbədə əkinə yararlı torpaq sahələrindən daha səmərəli istifadə edilməsi məqsədilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün lazımi köməkliyin göstəriləcəyini qeyd edib. İcra başçısı Ərçivan qəsəbə sakinlərinin torpağa bağlı, əməksevər və işgüzar olduqlarını razılıqla bildirərək, onlara torpaqlardan daha səmərəli istifadə etmələri üçün hər cür şəraitin yaradılacağını, xüsusən kənd təsərrüfatı texnikası, gübrə və dərmanlarla təminat sahəsində mövcud problemlərin həll olunacağını diqqətə çatdırıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB