“İnvestisiya fondları haqqında" qanuna dəyişiklik edildi

“İnvestisiya fondları haqqında" qanuna dəyişiklik edildi

Milli Məclisin iclası öz işini davam etdirir. SİA-nın xəbərinə görə, iclasda "İnvestisiya fondları haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Belə ki, qanunun 8.4-cü maddəsi - "Nəzarət orqanı səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə məlumatların daxil edilməsi barədə tələblər müəyyən edə bilər" ləğv olunur.

Həmçinin, 9.4-cü maddə yeni redaksiyada verilir. Dəyişikliyə əsasən, səhmdar investisiya fondunun investisiya bəyannaməsinə edilmiş əlavə və (və ya) dəyişikliklər qanunvericiliyin tələblərinə zidd olduqda və ya səhmdarların hüquqlarını məhdudlaşdırdıqda, nəzarət orqanı onları dövlət qeydiyyatına almaqdan imtina edir. Bu halda ərizənin daxil olduğu gündən 10 iş günü ərzində səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və (və ya) dəyişikliklərin dövlət qeydiyyatına alınmasından imtina barədə əsaslandırılmış qərar qəbul edilir və bu qərar 2 iş günü ərzində səhmdar investisiya fonduna göndərilir.

Hazırkı qaydalara əsasən, bu halda sənəd təqdim olunduğu tarixdən 10 iş günü ərzində səhmdar investisiya fonduna imtinanın səbəbləri göstərilməklə bildiriş göndərilir. İmtinadan inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

Bundan başqa, 9.5-ci maddəyə edilən dəyişikliklə "kütləvi informasiya vasitələrində" sözlərindən sonra "və səhmdar investisiya fondunun internet səhifəsində (olduqda)" sözləri əlavə edilir və həmin maddədə "30 təqvim günü" sözləri "15 iş günü" sözləri ilə əvəz edilir. Beləliklə, investisiya bəyannaməsinə əlavə və ya dəyişikliklər qüvvəyə minmə müddədi 2 dəfə azaldılıb.

Qanun layihəsinə təklif olunan dəyişiklik müakirələrdən sonra səsə qoyularaq təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə