Azərbaycan Prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" 19 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq, 2 noyabr 2015-ci il tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanılıb.
İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, ötən bir il ərzində qurum tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlara 1 584 yeni lisenziya verilib, 1 498 lisenziya isə müddətsiz lisenziya ilə əvəz edilib.
Qeyd edək ki, Prezidentin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanının qüvvəyə mindiyi gündən qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir. Ümumilikdə, bu dövrdə sahibkarlıq subyektlərinə 3 082 lisenziya verilib. Bu lisenziyaların 2 719-u Bakı şəhərinin, 363-ü isə regionların payına düşür.
Lisenziyalar təhsil, əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsi, tikinti-quraşdırma işləri, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, baytarlıq preparatlarının satışı, bitkiləri mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması, təmiri və s. fəaliyyət sahələrinə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB