"İstanbulda başlayan 23-cü Dünya Enerji Konqresi ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Çünki, orada bizi maraqlandıran bütün məsələlər müzakirə edilir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib.
Ekspertin sözlərinə görə, konqres ölkəmizin iştirakı ilə həyata keçirilən böyük layihələrin dünya ictimaiyyətinə çatdırılması baxımından mühümdür: "Bildiyiniz kimi Azərbaycanın gələcəkdə bir neçə böyük layihələrdə iştirakı nəzərdə tutulub. Sözügedən konqresdə həmin layihələrin reallaşması üçün hansı obyektiv şəraitlərin mövcudluğu müzakirə olunmaqla yanaşı, onların qərb üçün nə kimi əhəmiyyət daşıdığı açıqlanır. Həmçinin orada həmin layihələrin Qərb ölkələri tərəfindən dəstəklənməsi təklif olunur. Hazırda bununla bağlı heç bir problem olmasa da bunu gələcək üçün atılan addım hesab etmək olar".
O. Haqverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin konqresdəki iştirakına toxunaraq qeyd edib ki, Dövlət başçısı İstanbulda həm toplantıda çıxış edərkən, həm də keçirdiyi görüşləri zamanı ölkəmizin maraqlarını dünya ictimaiyyətinə çatdırmış oldu.
Konqresin Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasında da xüsusi rola malik olduğunu deyən ekspert vurğulayıb ki, iki ölkə arasında əlaqələrin inkişafı ölkəmizə yalnız müsbət təsir edə bilər: "Bilirsiniz ki, konqres çərçivəsində Rusiya-Türkiyə arasında "Türk axını" ilə bağlı saziş imlandı. Bəzən bu layihənin ölkəmizə mənfi təsirlərinin olacağı da söylənilir. Lakin demək istəyirəm ki, bizim qaz ixracımızın Rusiyaya heç bir təsiri ola bilməz. Çünki, Rusiya bu layihə vasitəsilə Türkiyəyə 30 milyard, biz isə 6 milyard qaz ixrac edəcəyik. Bu baxımdan biz Rusiya ilə rəqib deyilik və ölkələrin həyata keçirdiyi layihələr də bir-birinin fəaliyyətinə təsir edə bilməz. Əksinə qaz kəmərlərinin çox olması bizim gələcəyimiz üçün qarantdır. Çünki, onlar vasitəsilə biz Avropanın qazla təmin etmiş oluruq".
"Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan strateji müttəfiq olmaqla yanaşı, sözün əsil mənasında bir-birinə qardaş ölkədir. Ölkələrimizin müştərək həyata keçirdiyi layihələr hər iki ölkənin iqtisadiyyatını bir-birinə bağlamaq məqsədi daşıyır. Təbii ki hər iki ölkənin maraqları qorunmalıdır. Sevindirici haldır ki, bizim maraqlarımız da üst-üstə düşür. Bu baxımdan düşünürəm ki, Türkiyə həyata keçirilən bütün layihələr hər iki ölkə üçün böyük uğur vəd edir" – deyə, O. Haqverdiyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB