Bu gün Bakıda Azərbaycan-İran Biznes Forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirdə toplantının baş katibi Aghahəsən Mürtəci, İran İslam Respublikasının sənaye, mədən və ticarət nazirliyi, dağ-mədən və sənaye üzrə nazir müavini Cəfər Sərqeyni, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Neft sənayesi üzrə avadanlıqların istehsalı birliyinin rəhbəri Rohollah Ahangaran, ASK-nin vitse-prezidenti Vüqar Zeynalov və digər rəsmi şəxslər, KİV nümayəndələri iştirak edib.
Əvvəlcə tədbirdə Azərbaycan və İran dövlətinin himnləri səsləndirilib.
Toplantının baş katibi Aghahəsən Mürtəci mərasimi açıq elan edərək deyib ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı və qida sənayesi, tikinti, mühəndislik və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir.
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, ölkələrimiz arasında əməkdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini vurğulamışdır. Səfir Pakayin bu günkü biznes forumun da iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə, iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin inkişafına müsbət töhfə verəcəyini vurğulayıb.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində AZPROMO tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və iranlı sahibkarları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov konfederasiyanın fəaliyyəti və sahibkarlıq subyektləri ilə əməkdaşlığına dair məlumat verib. Azərbaycan Sahibkarlar Konfederasiyasının iranlı iş adamları ilə birgə əməkdaşlığını müsbət qiymətləndirib. Bildirib ki, bugünədək hər iki tərəfdən olan iş adamlarının əməkdaşlıq qurması üçün səy göstərən ASK bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Biznes forum Azərbaycan və İran iş adamlarının əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB