Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində əfqanıstanlı gömrükçülər üçün təşkil olunmuş seminarın açılışında iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn Əfqanıstan İslam Respublikası Gömrük Departamentinin Baş direktoru Əhməd Rəşad Popalı qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan-Əfqanıstan əlaqələrinin hazırki durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.
Aydın Əliyev iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, 2013-cü ilin fevral ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Əfqanıstan İslam Respublikasına səfərini məmnunluqla xatırladıb, keçirilən görüşlərin, müzakirə olunmuş məsələlərin əhəmiyyətindən danışıb, eləcə də Azərbaycan tərəfinin gömrük işi sahəsində-istər informasiya texnologiyaları, qaçaqmalçılıqla mübarizə, istərsə də kadr potensialının gücləndirilməsi ilə bağlı və s. sahələrdə yardımlarını əfqanlı həmkarlarına bundan sonra da əsirgəməyəcəyini vurğulayıb.
DGK sədri Aydın Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib, təkcə bu ilin 8 ayı ərzində Əfqanıstan mənşəli 1 ton 100 kiloqramdan artıq narkotik vasitə-heroinin aşkarlandığını, bu narkotik vasitələrin narkokuryerlər tərəfindən Azərbaycan ərazisindən tranzit olaraq daşınmasına cəhd göstərildiyini diqqətə çatdırmışdır. Bu kimi halların qarşısının alınması üçün əməkdaşlığın önəminə toxunan Komitə sədri hər iki ölkənin əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan əməkdaşlarının qarşılıqlı fəaliyyətinin, treninqlərin, seminarların təşkil olunmasının zəruriliyini vurğulayıb.
Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Əfqanıstan İslam Respublikası Gömrük Departamentinin Baş direktoru Əhməd Rəşad Popal Azərbaycana səfərindən məmnunluğunu bildirmiş, eyni zamanda ÜGT-nin Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən seminarın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.
Ölkəsinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən qonaq iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Əfqanıstan gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Qonaq ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulamış, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib, eyni zamanda Azərbaycan tərəfinə ölkəsinin gömrük xidmətinə edilən yardımlara görə təşəkkürünü də bildirib.
Əhməd Rəşad Popal iqtisadi-ticari əlaqələrdən, ticarət dövriyyəsinin həcmindən də söhbət açmış, dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğundan bəhs edib. Qonaq iki ölkə arasında gömrük işi sahəsində nəzərdə tutulan normativ-hüquqi sənədin işlənib hazırlanmasının və gələcəkdə imzalanmasının da zəruriliyini bildirmiş, belə bir sənədin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə çatdırıb.
Görüşdə, eyni zamanda gələn ay İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin toplantısında müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB