"Bank sistemində rəqabət mühiti formalaşmalıdır" MÖVQE

"Bank sistemində rəqabət mühiti formalaşmalıdır" MÖVQE

"Ümumiyyətlə Azərbaycanda bank sektorunda durum ağır olaraq qalmaqdadır. Hazırki dönəmdə layiqli bankların tapılıb ortaya qoyulması və onların dəstəklənməsinə ehtiyac var". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev deyib.

Az müddətdə bir neçə bankın bağlanmasına münasibət bildirən iqtisadçı-ekspert ölkədə fəaliyyət göstərən bankların iş prinsipləri neft gəlirlərinin azalması dövrünə uyğun olmadığını açıqlayıb: "Çox təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən banklar öz fəaliyyətlərini böyük neft gəlirlərinin ölkəmizə daxil olduğu dövrlərə uyğun aparırdılar. Hazırda dünyada baş verən proseslər nəticəsində ölkəmizdə neft gəlirlərinin azalması bankların fəaliyyətinin dayanmasına gətirib çıxarır. Hazırki dönəmdə bankların vəziyyəti o qədər də ürək açan deyil".

Bank sektorunda mövcud olan problemlərin aradan qalxmasına mane olan səbəblərdən birininin bu sahədə mövcud olan inhisarlaşma ilə bağlı olduğunu deyən A.Mehdiyev qeyd edib ki, bu sahənin sağlamlaşmasına dair ciddi və şəffaf addımların atılmasına ehtiyac var: "Ümumiyyətlə, ölkənin bank sistemində rəqabət mühiti formalaşmalıdır. Yalnız bu şərtlər daxilində işləyən, ayaq üstə qalan banklar əhalinin etimadını qazanmaq şansını əldə edə bilər. Biz bu proseslərdə süni müdaxilələrin olduğunu görürük. Belə olan halda, fəaliyyətinə xitam verilən banklardan sonra ortada qalanların nə qədər etibarlı olması və hansı zaman müddətində yenidən əhalinin etimadını qazanması məsələsi açıq qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə