Sadıq Murtuzayev: "Hər şey kadr islahatından başlayır" MÜSAHİBƏ
İctimai–siyasi xadim, filologiya üzrə fəlsəfə doktru, bir-birindən maraqlı 15-dən artıq kitabların müəllifi Sadıq Nəbi oğlu Murtuzayevin iyul ayının 25-də 89 yaşı tamam olur. Ona can sağlığı və gələcək işlərində böyük uğurlar arzu edirik. Və onunla bağlı bir maraqlı müsahibəni çoxminli oxucularımızın ixtiyarına veririk.
Hər kəsə o da bəllidir ki, Azərbaycan əsasən kənd təsərrüfatı ölkəsidir. Ona görə də bizim bütün uğurlarımız, insanlarımızın firavan yaşaması əsasən kənd təsərrüfatı ilə bağlıdır. Təsadüfi deyil ki, 2015-ci il Azərbaycanda Kənd Təsərrüfat ili elan olunmuşdu. 31 il Azərbaycanın ayrı-ayrı rayonlarında birinci katib işləmiş və adı respublikamızın tarixinə qurucu katib kimi düşmüş, ictimai-siyasi xadim Sadıq Nəbi oğlu Murtuzayevlə fikir mübadiləsi apardiq. İnanıram ki, onunla apardığım bu müsahibə, fikir mübadiləsi böyük oxucu kütləsinin marağına səbəb olacaq.
- Sadıq müəllim, siz uzun illər, daha dəqiq desək 30 ildən çox respublikanın nəhəng kənd təsərrüfatı rayonlarına rəhbərlik etmisiniz. Hər yerdə də böyük uğurlar qazanıbsınız. Həm də ən uzun ömürlü raykom katibi olmusunuz. Keçən il respublikada kənd təsərrüfatı ili elan olunmuşdu. Bunu siz necə qiymətləndirirsiniz?
- Respublikamızda kənd təsərrüfatı elə bir duruma düşüb ki, bir ildə nə isə ciddi dönüş yaratmaq mümkün deyil. Gəlin Heydər Əliyevin hakimiyyətinin birinci dövründə kənd təsərrüfatında əldə edilən nailiyyətləri yada salaq. 1 milyon tondan çox pambıq. 1 milyon 800 min ton tərəvəz. 2 milyon tondan çox üzüm, 65 min ton tütün. 30 min ton çay. 6500 ton barama. 630 min ton meyvə və sairə. Bəs indi? İndiki göstəricilər əvvəlkilərlə kökündən fərqlənir.
- Bəs buna görə nə etmək lazımdır? Kənd təsərrüfatımızı necə dirçəltmək olar?
- Hər şeydən əvvəl kənd təsərrüfatı ilə məşğul olan rəhbər şəxslərin səviyyəsini qaldırmaq lazımdır. Bunun üçün də çox ciddi kad islahatına ehtiyac var. Bax, biz o zaman kənd təsərrüfatının hər bir sahəsinə dərindən bələd, onun inkişafına bütün varlığımızla cavabdeh idik. Bəs indi? Mən az-çox rayonlara rəhbərlik edən adamların işləri və savadları ilə tanışam. Onların demək olar ki, çoxunun kənd təsərrüfatından heç xəbərləri belə yoxdur. Və ən başlıcası, acınacaqlısı da odur ki, onlar kənd təsərrüfatının vəziyyətinə görə heç bir məsuliyyət də daşımırlar. Deməli, elə ilk öncə işə bundan başlamaq lazımdır. Çünki kənd təsərrüfatına səriştəli rəhbərlik olmadan, heç nəyə nail olmaq mümkün deyil. İkincisi kənd təsərrüfatında çox ciddi islahatlara ehtiyac var. İndi belə fikirlər səslənir ki, torpaqlardan istifadə etməyənlər inzibati cəzalara cəlb edilsin. Mənə elə gəlir ki, bunun heç bir nəticəsi olmayacaq. Axı torpaq üzərində mülkiyyət elə bir vəziyyətdədir ki, həmin məsuliyyətlə heç nəyə mane olmaq mümkün deyil. Hamımız yaxşı bilirik ki, aparılan torpaq islahatları nəticəsində əldə edilən pay torpaqlarından təyinatı üzrə çox az istifadə olunur. Hesab elə ki, 500 hektarlıq sahəni 200-250 adam arasında bölüblər. Beləliklə də hər adama 1,5-2 hektar sahə düşüb. İndi bu torpaq parçalarında biri tərəvəz, biri bostan, bir başqası kartof və sairə əkir. Bir çoxu da imkansızlıq üzündən heç nə əkmir. Bax burada müasir texnikadan necə istifadə etmək olar? Odur ki, pay torpaqların çoxu istifadəsiz qalıb.
Ona görə də Kənd Təsərrüfatı Nazirliyi kəndlinin torpaqdan istifadə etməsi üçün onun marağını və imkanını artırmalıdır. Kənd təsərrüfatı sahəsində düşdüyümüz bu aclnacaqlı vəziyyətdən çıxmağın yeganə çıxış yolu bu torpaqların, daha doğrusu onların sahiblərinin kooperasiyasını təşkil etməkdir. Siz Çin Xalq Respublikasında hazırda kənd təsərrüfatının inkişafına fikir verin. Çin kimi bir ölkə, hansı ki, az qala dünya əhalisinin dörddə birinə malikdir, taxıl (düyü) və başqa kənd təsərrüfatı məhsullarını dünya ölkələrinə ixrac edir. Çin Xalq Respublikasında kooperasiya çox yaxşı inkişaf edib. Axı niyə bizdə də kooperasiyanın geniş tətbiqinə başlanılmasın? Bizim respublikadan Çinə tez-tez yüksək rütbəli nümayəndələr gedir, qayıdandan sonra oradakı kooperasiyanın inkişafından bəh-bəhlə danışırlar. Lakin ən acınacaqlısı odur ki, özləri Azərbaycanda heç bir əməli tədbir görmürlər. Hətta ayrı-ayrı rayonlarda bəzi imkanlı adamlar həmin pay torpaqları ələ keçirib, iri sahələrdə çox yaxşı üzüm bağları salıblar. Mən bunları görüb sevinirəm. Lakin bütün bunları kütləvi şəkildə etmək mümkün deyil. Əgər torpaq sahiblərinin, fermerlərin kooperasiyası geniş vüsət alarsa çox böyük nailiyyətlər qazanmaq olar. Bəziləri buna dodaq büzüb deyirlər ki, onda elə gəlin kolxozları bərpa edək də. Onlar başa düşmürlər ki, kooperasiya kolxoz demək deyil. Bir də ki, əgər vaxtı ilə kolxozlar təhrif olunub dövlət təsərrüfatı ilə eyni müstəviyə salınmasaydı, onların uğurlu inkişafına söz ola bilməzdi. Bunu da yada salmalıyıq ki, bəzi müttəfiq respublikalar heç kolxozları ləğv etməyiblər və böyük uğurla indi də fəaliyyət göstərirlər. Məsələn Özbəkistanda kolxoz quruluşu indi də davam edir. Hətta Özbəkistan indi də Sovet dövründəki qədər pambıq istehsal edir. Biz isə pambıq istehsalını 20 dəfədən çox azaltmışıq. Bizdə vaxtı ilə "ağ qızıl" adlandırırdığımız pambığın aşıb-daşan gəlirindən indi tamamilə məhrumuq...
Yuxarıda dediyim kimi bunun bir səbəbi də əksər rayonlara təyin olunmuş səriştəsiz İcra Hakimiyyəti başçılarıdır. Ən acınacaqlısı da budur ki, onlardan kənd təsərrüfatının inkişafı üçün heç bir məsuliyyət tələb olunmur. Bizim dövrümüzdə isə hər bir rayonun mövcud potensialı nəzərə alınaraq, ona dövlət planları verilir və bunun çox ciddi məsuliyyəti tələb olunurdu. Bax elə bunun, yəni yüksək təşkilatçılığın və uzaqgörən siyasətin nəticəsidir ki, keçmiş müttəfiq respublikaların bəzilərində saxlanılan kolxozlar indi də yüksək səmərə verir. Yadınızdadırsa vaxtı ilə SSRİ məkanında respublikamız üzümçülüyə görə birinci yerə çıxmışdı. 2 milyon tondan çox üzüm idtühsal edirdik. Onun şərab emalını da nəzərə aldıqda, üzüm respublikamıza neftdən heç də az gəlir gətirmirdi. Yaxud əvvəllər SSRİ adlanan nəhəng dövlətin tərəvəz məkanına çevirilən Azərbaycan, 1 milon 800 min tondan çox tərəvəz ixrac edirdi. Amma indi respublikaya kənardan tərəvəz gətirirlər. Yaxud meyvəçilik. 630 min ton meyvə tədarük edirdik. İndi kənardan geni məlum olmayan alma gətirirlər. Amma ondan qat-qat keyfiyyətli məhsullarımız isə biganəlik ucbatından batır. Bu yerdə bir bəlamızı da dilə gətirmək lazım gəlir. SSRİ dövründə çox işlənmiş bir tədarük təcrübəsi vardı. İstehsal olunan məhsullar qramınadək tədarük olunub ya emala verilirdi, ya da təzə-təzə bazara çıxarılıb, ixrac olunurdu. İndi bu üsüldan demək olar ki, bir şey qalmayıb. Bu üsul tam yaddan çıxıb. SSRİ dövrunun sınaqlarından çıxmış saysız-hesabsız təcrübələr vardı. Axı biz bütün bunların hamısını süpürüb atmaqla uğurlu nə qazanmışıq? Sən yaxşı olan bir yenisini yarat ki, sonra pisi kəsib ata bilərsən.
- 1974-cü ilin gərək ki, iyun ayında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə, sizin birinci katib olduğunuz Şəki rayonunda möhtəşəm bir respublika seminarı keçirildi. O zamar respublika mətbuatı da bu haqda geniş yazıları öz səhifələrində çap etdirdilər. Həmin seminara yekun vurarkən Heydər Əliyevin dediyi aşağadakı bu sözlər də yaddaşıma həkk olunub: "Şəkililər Sadıq Murtuzayevin rəhbərliyi sayəsində köhnə ənənələri cəsarətlə aradan qaldırıb, yeni ənənələr yaratmış və böyük uğurlar qazanıblar. Bu, təqdirəlayiqdir". Bəs həmin ənənələr hansılar idi? Bu gün Azərbaycanda həmin ənənənlərdən istifadə olunurmu?
- Mən Zaqatala və Abşeron rayonlarına uzun illər rəhbərlik edəndən sonra, Heydər Əliyevin tövsiyyəsi ilə kənd təsərrüfatı bərbad vəziyyətdə olan Şəki rayonuna göndərildim. Bu rayon kənd təsərrüfatının bütün göstəricilərinə görə respublika rayonları arasında axırıncı yerdə idi. Təkcə bircə göstəricisini qeyd edim ki, maldarlığın inkişafi üşün çox böyük imkanları olan bu rayonda hər inəkdən bir ildə cəmi 513 kiloqram süd sağılmışdı. Bu göstəricidən də Şəkidən aşağıda olan rayon yox idi. Bu da heş bir keçinin verdiyi qədər süd deyildi. Bir faktı da qeyd edim ki, rayona yarıtmaz rəhbərlik edən birinci katib, ilk partiya təşkilatının qərarı ilə partiya sıralarından xaric edilmişdi. Belə bir fakt da respublikanın tarixində olmamışdı.
Heydər Əliyev məni bu rayona göndərmək üçün çağırıb söhbət etdikdə dedi: "Rayonlara və onların təsərrüfatına rəhbərlikdə kifayət qədər təcrübən var. Hətta bu sahədəki nailiyyətlərə görə iki dəfə "Lenin" ordeni ilə də təltif olunubsan. İnanıram ki, Şəkidə də yaxşı işlər görəcəksən". Mən o zamanin sdandart cavablarından olan belə bir cavab verdim: " Yoldaş Əliyev, mən pasrtiyanın əsgəriyəm, hara göndərsəniz ora da getməyə haziram. Amma bir xahişim var. Şəkidə işə başladığım təxminən bir aydan sonra məni qəbul edin. Rayonun bütün dərdlərini, problemlərini ətraflı öyrənib sizə məlumat verim və respublika rəhbərliyindən asılı olan köməklikləri mənə göstərin". O, mənin bu sözlərimə tam razılıq verdi. Elə bir aydan sonra qəbulunda olarkən, rayonun bu günə düşməsinin ən başlıca səbəbinin rayona səriştəsiz rəhbərliyin olduğunu dedim. Əlbəttə, bunun da səbəbi elə Mərkəzi Komitədə idi. Çünki Bakıda anadan olmuş və ixtisasca dəmiryolçu olan, kənd təsərrüfatından, ümumiyyətlə istehsal sahələrindən xəbərsiz olan, yalnız əslən şəkili olduğuna görə bu rayona birinci katib göndərmişdilər. Heydər Əliyevə rayonun başqa dərdlərini də söylədim. Sonra da xahiş elədim ki, bir ixtisaslı komissiya göndərib, mümkünsə bir qərar qəbul etsinlər. O zaman respublika Plan Komitəsinin sədr müavini işələyən İbrahim Qasım oğlu Seyidovun rəhbərlili ilə Şəkiyə çox geniş tərkibdə bir komissiya göndərildi. Onlar bir aya qədər rayonun bütün dərdlərini öyrəndilər. Sonra Mərkəzi Komitənin və Nazirlər Sovetinin çox geniş bir qərarı qəbul olundu. Bu qərar məni və rayonun bütün təşkilatlarını böyük ilhamla, inamla işləməyə sövq etdi.
- Bəs yuxarıda qüyd etdiyim ənənənlər necə yarandı və onlar bu gün Şəkidə davam edirmi?
- Mən rayonun kolxoz və sovxozlarının vəziyyəti ilə yaxından tanış olarkən inanın ki, dəhşətə gəldim. Bircə təsərrüfat belə yox idi ki, hesabında azca da olsa pulu olsun. Belə təsərrüfatlara dövlət bankı kredit verə bilməzdi. Bəs nə etməli? Ona görə də mən hər şeydən əvvəl rayonun ən gəlirli sahəsi olan tütünçülükdən işə başladım. Çünki burada dövlət kreditinə ehtiyac yox idi. Bu əsasən əl əməyinə əsaslanan təsərrüfat olsa da, amma bu sahədə də işləyən yox idi. Sözümün bu yerində sosializmin çox zərərli olan bir prinsipindən bəhs etmək yerinə düşər. Bu, "biri hamı üçün, hamı biri üçün" prinsipi-şüarı idi. Əməyin təşkilində toxunulmaz olan bu prinsipə görə o zaman dəbdə olan "briqada", "manqa" adlanan toplantılarda belə qayda vardı ki, hamı ( yəni briqada da 20-30 nəfər, manqada 10-15 nəfər) birgə çalışmalı, əmək haqqı da hamıya bərabər bölünməliydi. Mən bütün bunları yoxladıqca çox acınacaqlı bir vəziyyətlə üzləşdim. 10 nəfərlik manqada işə çıxanların sayı 5-6 nəfərdən artıq deyildi. Manqanın tərkibində 10 nəfər üçün işləyib qəpik-quruş alan bu adamlar ürəklə işləyə bilərdilərmi? İşə çıxmayanlar isə kolxozun və kəndin rəhbər işçilərinin ailə üzvləri idi. Onlar da müxtəlif bəhanələrlə işdən yayınırdılar. Mən bunun kökünü kəsmək üşün işə çıxmayanlara əmək haqqı yazanları cəzalandırdım.
Beləliklə, briqada, manqa saxlanılmaqla hər bir adamın iş yeri ayrıldı. "Hamı biri üçün, biri hamı üçün" prinsipi, "hər kəs özü üçün" prinsipi ilə əvəz olundu. Bununla da hesabatda əmək haqqı da bir neçə dəfə artdı. Rəqəmlərlə deyim ki, tütün istehsalı əvvəlki illərdən 2200 tondan, mən işləyən dövrdə 17800 tona qədər artdı. Rayonda qısa müddətdə tütün emal edən zavod tikib istifadəyə verdik. Əvvəllər isə tütünü rayonun təsərrüfatları Yevlaxa, Masallıya və hətta Naxçıvana aparmalı olurdular. Onu da vurğulayım ki, Yevlaxda tütün əkilmirdi, amma orada tütün zavodu vardı. Belə uzaq məsafələrə tütün aparanda da nə kolxozlara, nə də adamlara heç bir gəlir qalmırdı. Əslində tütünü sifariş verən təşkilatlar elə gəlib yerində alıb aparmalı idilər. Hətta tütünü uzaq məsafələrə aparıb zavodlara təhvil verməyə imkanı olmayan təsərrüfatların məhsulları elə yerindəcə tələf olurdu. Amma biz rayonda tütün fermetləmə zavodu tikəndən sonra təsərrüfatların vəziyyəti kökündən yaxşılaşdı. Sizə deyim ki, mənin dediyim həmin "sosializm" prinsipini pozmağın təcrübəsinin əsasən hələ mən Abşeron rayonunda və ondan əvvəl işlədiyim Zaqatala rayonunda qoymuşdum. Bundan da istifadə edən qara qüvvələr ( bunlar hər zaman vardı) mənə qarşı qara piar da təşkil etməyə cəhd edirdilər. Çox böyük nailiyyətlər, mübarizələr müqabilində bunların qarşısını alanlar da şükür ki, tapılırdı.
Şəki rayonunda yaranan ikinci böyük ənənə heyvandarlıqda baş verdi. Tütünçülükdən fərqli olaraq, heyvandarlıqda çoxlu kapital qoyuluşu tələb olunurdu. Çünkü heyvandarlıq fermaları bərbad vəziyyətdəydi. Və yuxarıda dediyim kimi bunlara dövlət dəstəyi də yox dərəcəsindəydi. Rayonda mövcud olan yalnız 2 dövlət təsərrüfatına- taxılçılıq və camışçılıq kolxozlarına az-çox dövlət vəsait ayırırdı. Amma rayonda olan 30-a qədər kolxoz təsərrüfatı isə dövlət kreditindən məhrum idilər.
Həmin vaxtlar dünyada və SSRİ miqyasında heyvandarlığın sənaye əsaslarına keçirilməsi sahəsində geniş tədbirlərə başlanılmışdı. Bizdə isə bu imkan hələ yox idi. Düşünüb-daşınandan sonra bu sahədə çox böyük tədbirlərə başladıq. Mən Moldavaya, Orenburqa, Ukraynaya gedib belə təsərrüfatların işi ilə tanış oldum. Ayrı-ayrılıqda heç bir kolxoz bunun öhdəsindən gələ bilməzdi. Və biz respublikada ilk dəfə olaraq, kolxoz və sovxozların kooperasiyası əsasında belə komplekslərin yaradılmasına başladıq. İmkan isə bundan ibarət idi ki, rayonda gen-bol yerli material - çay daşı, meşə materialı, qum, əhəng və sairənin istehsalı mümkün idi. Və bütün kolxoz-sovxozların da tikinti briqadaları vardı. Ən əsası 10 min başlıq mal-qara kökəltmə, ildə min baş düyə yetişdirmə, min baş camışçılıq, ilk nəhəng yemçilk, 2000 hektar sahədə sənaye əsaslı bağçılıq-üzümçülük adlanan konplekslərin yaradılması çox böyük əsk-səda və ən başlıcası böyük səmərə verməyə başladı. Bununla da ət-süd istehsalı qısa müddətdə 3-4 dəfə artırıldı.
Söhbətimin bu yerində Moskvadan bir-birinin ardınca gələn iki yüksək rütbəli məmurun mənin kobinetimdən Heydər Əliyevə zəng vurub dedikləri sözlər indi də sanki qulaqlarımda cingildəyir. Binincisi Sov. İKP MK-nın məsul işçisi N.M.Tişşenko inşasında 2 mindən çox adamın, 100-dək maşın və texnikanın iməciliyi ilə işləyən insanların əməyi ilə, mal-qara kökəltmə kompleksininin tikintisini görəndən sonra belə dedi: "Heydər Əliyeviç, mən birinci gündən son günədək Böyük Vətən Müharibəsi cəbhələrində olmuşam, heç orada da belə şey, belə səfərbərlik görməmişəm". İkincisi, SSRİ Kənd Təsərrüfatı Nazirinin müavini Kardopoltsev bütün kompleksləri gəzəndən sonra Heydər Əliyevə zəng vurub belə dedi: "Heydər Əliyeviç, siz Şəki kompleksləri ilə nəinki İttifaq, hətta dünya səviyyəsinə çıxa bilərsiniz". Bax bunlardan sonra Heydər Əliyevin rəhbərliyi ilə həmin möhtəşəm seminar-müşavirə keçirildi. Sonra belə seminarlar Zaqafqaziya və SSRİ səviyyəsində də təşkil olundu. Çox təəssüf ki, indi həmin komplekslərdən əsər-əslsmət belə qalmayıb.
- Sadıq müəllim, daha hansı məsələni önə çəkmək istərdiniz?
-Kənd təsərrüfatının idarə olunmasın ən başlıca məsələsi insanların marağının idarə olunmasıdır. Daha doğrusu insanları yox, gərək onların maraqlarını öyrənib, bunları idarə etmək lazımdır. Nə qədər ki, bunlar yoxdur, kənd təsərrüfatını dirçəltmək mümkün olmayacaq.
Şəkidə işlədiyim zaman bir diqqət çəkən epizod yadıma düşür. O vaxt bol qarğıdalı yetişdirmişdik. Qarğıdalı yığan kombaynlar da təzə istehsal olunmuşdu, sayları az idi, çatışmırdı. Əl ilə onu toplamağın da kəndliyə marağı yox idi. Biz istədik ki, tütünçü qadınları qarğıdalı yığmağa məcbur edək. Bunun üçün yerlərə nümayəndələr də göndərdik. Bir də eşitdik ki, Zəyzik kəndinin tütünçü qadınları həmin məqsəd üçün göndərilən şəhər partiya komitəsinin qadın olan katibini təhqir edib qovublar. Bu, bizi çox ciddi düşünməyə məcbur etdi. Dərhal həmin vaxtı çox kasad olan qarğıdalı kombaynının axtarışına çıxdıq. O zaman texnika bolluğunda belə bir yanlış qayda da vardı ki, rayonun təlabartını öyrənmədən rayonların çəkisinə görə texnika bölünür və zorla da olsa həmin texnika rayonlara satılırdı. Biz qarğıdalı kombaynı alıb, amma onları işlətməyən rayonların sorağına çıxdıq. Onlardan xeyli kombayın alıb, Şəkiyə gətirdik və vəziyyəti düzəltdik.
Mən bir məsəsləni də burada qabartmaq istəyirəm. Sovet döründə "pripiska" adlı bir bəla vardı. Bu bəla pambıq əkən respublikalarda daha rüsvayçı şəkil almışdı. Bunun nəticəsi olaraq, Özbəkistanda və bizim respublikada Qdlyan-İvanov adlanan qrupun yoxlamalarının acı nəticələri bu gün də unudulmayıb. Bu səbəbin nəticəsi idi ki, Özbəkistan respublikasının rəhəbəri, məşhur yazıçı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, SSRİ dönəmində ən çox, 14 dəfə Lenin ordeni almış Şərəf Rəşidovun intiharı, minlərlə adamların cinayət məsuliyyətinə alınması, həbs olunması indi də unudulmayıb. Həmin qrupun yoxlamaları Azərbaycandan da yan keçmədi. Nəticədə Şəmkir rayonunun partiya komitəsinin birinci katibi H. Vəliyev 12 il, Pambıqçılıq naziri F. Salmanov 7 il həbs cəzası aldılar. Bir raykon katibi isə intuhar etdi. Yüzlərlə kənd təsərrüfatı işçiləri isə məsuliyyətə cəlb olundular. Elə bil böyük bir repressiya baş verdi.
-Bəs bunun əsl səbəbi nə idi?
- Yalnız nadanlıq. İnan ki, bizi buna yuxarıdan heç kim məcbur etmirdi. Ancaq ucuz şöhrət axtarıb və əlindən heç bir iş gəlməyən rayon rəhbərləri buna gedirdilər. Həmin Qıdılyan-İvanov qrupu rəhbərlik etdiyim Ağdam rayonunda da oldular. Bir nəfərin də necə deyərlər burnu belə qanamadı. Həmin səviyyəsiz adamları məcbur edənlərin də bir qismi mərkəzdən rayonlara təhkim olunmuş məmurlar idi. Ona görə də mən hər yığıncaqda dönə-dönə deyir və yoxlamalar aparırdım ki, adamlarınız "pripiska" adlanan bu bəlaya yol verməsinlər Lakin burada bir acı faktı qeyd etmək istəyirəm. Bir gün gecə saat 12-də Ağdama təhkim olunmuş Pambıqçılıq naziri Fərhad Salmanova Şəmkir rayonundan zəng gəldi. Əvvala deyim ki, həmin vaxtı respublikanın bütün rayonları pambıq planını yerinə yetirmişdi, amma Şəmkir rayonu 84 faizdə idi. Bununla bağlı respublika raport verməyə hazlrlaşırdı. Həmin rayona təhkim olunmuş və respublikanın çox səlahiyyətli rəhbərlərindən biri (onun haqqında bir neçə kitabımda sağlığında yazmışam, indi dünyasını dəyişdiyinə görə adını çəkmirəm) yəqin ki, təhkim olunduğu rayonun yox, öz "qürurunu" uca tutaraq gecəylə naziri Şəmkirə apartdırıb, 0,1 faiz gündəlik artımı olan rayona bir gecədə 16 faiz pambıq planı yazdırdı ki, raporta onun da adı düşsün. Nəticədə Şəmkirin 1-ci katibi də, Pambıq naziri də həbs olundular. Amma ən dəhşətlisi budur ki, onları bu çirkin işə məcbur edən həmin məmur özü sudan quru çıxdı.
- Sadıq müəllim bəs indi necə, müstəqillik dövründə satatistika, uçot-hesabat düz gedirmi?
- İndiki dövrün isə bu daha böyük bəlasıdır. Fermerlər istehsala görə hər cür vergidən azaddırlar. Və yenə də səviyyəsiz rayon rəhbərləri onlara istədikləri istehsal rəqəmlərini yazdırırlar ki, onların rayonu guya yaxşı işləyir. Bununla bağlı yoxlamalar isə yoxdur. Çox şükür ki, indi yoxlama-nəzarət palatasının, ictimai nəzarətin yaradılmasından söhbət gedir. Hesab edirəm ki, bunu ən yüksək səviyyədə təşkil etməyə ehtiyac var. Onda həmin "pripiska" dediyimiz bəlanın indiki dövründə daha acınacaqlı faktlarının ortaya çıxacağına əsla şübhəm yoxdur.
- Siz bayaq Şəkidən bəhs etdiniz. İndi istərdim ki, həmin rayondan sonra işlədiyiniz Ağdam haqqında da bir qədər məlumar verəsiniz. Daha doğrusu Zaqatala, Abşeron, Şəki təcrübəsi Ağdamda özünü necə göstərdi?
- Ağdamda da maldarlıq bərbad vəziyyətdə idi. Ümumiyyətlə pambıqçılıq rayonlarının bir bəlası vardı ki, pambıqdan başqa digər sahələrə fikir vermirdilər. Mən Ağdamdakı təsərrüfat rəhbərlərini Şəki təcrübəsinə cəlb etmək istədikdə gördüm ki, dediklərimə şübhə ilə baxanlar da var. Odur ki, bütün təsərrüfat rəhbərlərini avtobuslara mindirib, özüm də onlarla Şəkiyə getdik. Bütün konpleksləri gəzib dolaşdıq və Ağdama qayıdıb işə başladıq. Mən dəfələrlə müxtəlif yazılarımda da, görüşlərimdə də demişəm və yenə də təkrar edirəm ki, Ağdam camaatında gördüyüm fədakarlığı, əvvəlki heç bir rayonda görməmişəm və bunu görəndən sonra bu rayonda daha böyük tədbirlərə qol qoyduq və daha böyük uğurlar qazandıq. Sənaye əsaslı komplekslərin bu rayonda daha yeni-yeni nümunələrini yaratdıq. Bunların da hər birinin əsasında yuxarıda dediyim kooperasiya həlledici rol oynadı. Yuxarıda haqqında dediyim seminarlar ( respublika və Zaqafqaziya üzrə) bu rayonda da keçirilirdi və özünün gözəl bəhrəsini verirdi. Bütün bunları sən özün də görürdün. Çünki sən özün də həmin vaxt Ağdam Dövlət Dram Tetrına rəhbərlik edirdin və rayondakı qurqculuğu, insanların firavan yaşamasının şahidi idin. Ağdam hənin vaxt özünün böyük istehsalatına görə Qarabağda ən irəlidə gedən rayon idi.
- Bir neşə il bundan qabaq sizinlə apardığımız "Sirli-soraqlı Abşeron" müsahibəsi böyük maraqla qarşılanmışdı. Bu haqda oxucular müsbət şərhlər yazmışdılar. Həmin müsahıbəyə nə isə yeni fikirlər əlavə etmək isləyirsinizmi?
- Çox təəssüflə demək istəyirəm ki, orada dediklərimdən əməli nəticələr çıxaran olmadı. Bu yaxınlarda zəfəranla bağlı sosial şəbəkələrdə bir yazıya rast gəldim. Dünya bazarlarında zəfəranın qiyməti qızıldan iki dəfə bahadır. Qramı 65 ABŞ dollarıdır. Vaxtı ilə (XIX əsrdə) Abşeronda 16 ton quru zəfəran istehsal olunub. Elə bu qədər zəfərana görə abşeronlular çox firavan yaşayıblar. Sovet dönəmində də bunun istehsalını artirmaq üçün tədbirlər görülürdü. Bunu da deyim ki, dünyada İrandan başqa İspaniya, Portuqaliya və başqa ölkələrdə də zəfəran istehsal olunur. Lakin dünyada qəbul olunub ki, Abşeronda yetişdirilən zəfəranın əvəzi heç bir ölkədə yoxdur. Belə olan halda axı indi niyə bu qiymətli bitkinin becərilməsinə fikir verilmir? Tarixi faktlar var ki, bir cibə yerləşən kiçik kisə zəfəranla qədim abşeronlular Həcc ziyarətinə gedib-gəlirdilər. O zaman Abşeron kəndlərinin hamısında zəfəran becərilirdi. Ona görə də xüsusi bir sovxozun yaradılması məsələsi qarşıya qoyulanda ona elmi cavab axtarılmalı idi. Elmlər Akademiyasının Botanika İnstitutunda Qurviç familiyalı qocaman bir qadın professor zəfəranla məşğul olurdu. Onun rəhbərlik etdiyi laboratoriyada zəfərandan konsentrat, zəfəran yağı alınırdı. Və bu məhsul farmaseptika sənayesində çox yüksək qiymətə malik idi. Qurviç sübut etmişdi ki, ən yüksək yağ faizi Bilgəh kəndində yetişdirilən zəfərandan alınır. Bu sübut da sovxozun orada yaradılmasının əsasını qoydu. Professor Qurviç öz laboratoriyasının filialını zəfəran sovxozunda da yaratmışdı və ən maraqlısı o idi ki, həmin vaxtadək tullanan zəfəranın ləçəklərindən də yağ alınır və onun da dəyəri quru zəfərana bərabər tutulurdu.
– Bəs necə oldu zəfəran istehsalına son qoyuldu?
– Bunu yalnız acı bir təəssüflə cavablandıra bilərəm. Düzdür, hələ Bilgəhin müdrik ağsaqqalları öz həyətyanı sahələrində onu becərir və gənclərə də təlqin etməyi yaddan çıxarmırlar. Məsələ ondadır ki, Abşeronun ölçüyə gəlməz dərəcədə qiymətli torpaqları "böyük hasarlama" faciəsinin qurbanı olduğu kimi zəfəran sahələri də bunun qurbanı oldu. Bir şeyi də əlavə edim ki, bəzən deyirlər, "bəs zəfəran başqa torpaqlarda da yetişir. Qoy başqa yerlərdə əksinlər". Çox savadsız bir müddəadır. Yuxarıda dedim ki, Abşeron zəfəranının keyfiyyət dəyəri dünyanın heç yerində yoxdur və bunun elmi əsasını unutmaq olmaz.
Abşeronun digər təsərrüfat sərvətlərindən də danışmaq istəyirəm. Nardaran kəndində yaşı 300 ildən çox bir zeytun ağacı vardi. Bunu da bilməmiş deyilsiniz ki, zeytun "Qurani-Kərim"də adı çəkilən üç cənnət meyvəsindən biridir. Zeytun çox dəyərli nemət kimi İbn Sinanın məşhur "Qanuni-Şəfa" tibb ensiklopediyasında müalicəvi dəyəri müqayisəedilməz dərəcədə yüksək şəkildə göstərilib. Gərək ki, 1200 xəstəliyin müalicəsində ondan istifadə olunur. Abşeronda yetişdirilən zeytunun da keyfiyyəti onun dünya şöhrətini yaratmışdır. Zeytun yağının böyük dəyəri də hamıya məlumdur. Biz xüsusi proqramla Abşeronda zeytunçuluğu inkişaf etdirir, bir-birinin ardınca ixtisaslaşdırılmış zeytun sovxozları yaradırdıq. Onun sahələri böyük sürətlə genişləndirilirdi. Maştağada yaradılmış konserv zavodunun məhsulları Avropa ölkələrinə göndərilir və onun eksport tələbatı gündən-günə artırdı. Zavodda zeytun yağı istehsalına başlanmış və onun keyfiyyəti bu yağın istehsalında dünya monopoliyasına malik Yunanıstanı xeyli qabaqlamışdı. Dünyada zeytun istehsalında Yunanıstandan sonra ikinci yeri Türkiyə tutur. Mən Türkiyədə olanda şahidi oldum ki, həyətində 15 ədəd zeytun ağacı olan ortabab ailənin bu, illik yaşayış minimumunu ödəyə bilir. Məşhur türk yazıçısı Əziz Nesinin "Zeytun çörək" novellasında da məlum olur ki, orada zeytun qədər geniş işlənən ərzaq yoxdur. Həm də onun müalicə dəyərini yuxarıda xatırlatdım. Dünya ölkələrindən Yunanıstanda, Türkiyədə, İsraildə 100 min tonlarla qiymətli zeytun yağı istehsal olunur. Axı bu da məlumdur ki, Abşeronda yetişən zeytunun və onun yağının da tayı-bərabəri yoxdur. O zaman Abşeronda minlərlə hektar zeytun əkmişdik. Hətta şəhərin "zeytunçuluq" adlanan sahəsini də o vaxt biz əkmişik. O zaman Abşeronda yeni-yeni zeytunçuluq sovxozları yaradılırdı. 500 min hektara yaxın Abşeron yarımadasında görün nə qədər zeytun əkmək olar. Bu da azərbaycana böyük gəlir gətirər. İndi çox böyük vüsətlə zeytun plantasiyaları "uf" demədən məhv edilir, bu torpaqlarda aparılan hasarlamaları və bu hasarların içərisində ucalan villaları gördükdə çox acı təəssüf hissi keçirməkdən özümü saxlaya bilmirəm.
O vaxt Abşeronda ilk yaradılan Zığ zeytun sovxozunda çox unikal suvarma təcrübəsi yaranmışdı. Bakının kanalizasiya suları bioloji təmizləmədən sonra bu sovxozun zeytun bağlarının suvarılmasında istifadə olunurdu. Həm də sübut olunmuşdur ki, bununla zeytun bağlarının məhsuldarlığı 20-25 faiz artırılır. O da məlum idi ki, bu sulardan zeytundan başqa digər ərzaq bitkilərini suvarmaq yolverilməzdir. İndi təsəvvür edin, Xəzər dənizinə buraxılıb ekologiyasını korlayan və milyonlarla kubmetr ölçüsündə olan bu sulardan istifadə edilərsə təkcə zeytunu yox, elə yaşıllaşdırma, meşə zolaqları salınmasında necə böyük iş görmək olardı. Artıq bir neçə ildir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qobustan yaylasında meşə əkinlərini genişləndirmək sahəsində çox qiymətli bir təcrübəyə başlayıb. Qobustanda isə ən böyük problem suya olan ehtiyacdır. Əgər yuxarıda qeyd etdiyim təcrübədən istifadə olunarsa, bunun əvəzsiz əhəmiyyyəti olar. Yadınızdadırsa vaxtı ilə təbiətin böyük vurğunu, dünya şöhrətli akademik Həsən Əliyev zeytun sahələrinin genişləndirilməsi və həmin suvarma təcrübəsindən istifadənin çox fəal təbliğatçısı idi. Bakıda saysız-hesabsız zeytun ağaclarının verdiyi bu qiymətli məhsula olan laqeyd münasibətə nə deyəsən? Biz hələ o zaman hesablamışdıq ki, bu ağaclardan 5 min tondan çox zeytun yığmaq olar. O zaman burada yığılan məhsulun tədarükü hesabına nə qədər adamın da tələbatı ödənirdi. Biz o zaman təkcə şəhərdəki zeytun ağacları hesabına min tondan çox zeytun tədarük edirdik. Bu da büdcəyə böyük gəlir gətirirdi.
- Sizin bu maraqlı fikirlərinizdən sonra, neftdən asılılığı aradan götürmək üçün yaşıllaşdırma işində il boyu yaşıllığını itirməyən, Abşeron yarımadasına gözəllik verən və böyük gəlir gətirən zeytun ağacından bəs nə üçün az istifadə olunur?
– Mən yuxarıda adını çəkdiyim nazirliyə müraciət edirəm ki, bu əvəzsiz bitkiyə diqqətini artırsınlar. Hətta deyərdim ki, Abşeronda baş alıb gedən hasarlama sahibləri olan yerlərdə heç olmasa həmin hasarlar boyu zeytun əksələr, nə qədər qiymətli iş görərlər. Bunu da əlavə etmək olar ki, Abşeronun dağıdıcı küləklərinin qarşısını almaq üçün də zeytun əvəzsizdir. Mənim də Abşeronda bağ sahəm var və orada çox qiymətli, müxtəlif növ 15 ədəd zeytun ağacı yetişdirmişəm. Bu ağacın məhsullarından özüm istifadə etməklə qonşuları, qohumları da təmin edirəm. Əlavə etmək istərdim ki, zeytun yağı əsasən zeytunun tumundan alınır və o da məlumdur ki, zeytunun çəyirdəyi insanın mədəsində çox asanlıqla həzm olunur və indi baş alıb gedən qan təzyiqi xəstəliyinin qarşısını almaqda böyük rol oynayır. Mən özüm bundan geniş istifadə etməklə ətrafdakılara da bunu məsləhət görürəm və onlar da bunun səmərəsini, xeyrini hiss edirlər.
Başqa bir nadir məhsulun da adını çəkməklə sizə çox maraqlı bir məlumat verəcəm. Abşeronda fəaliyyətə başlayarkən bu torpaqda yetişdirilən çox nadir bitkiləri qeydiyyata aldım. Onlardan biri də Hövsan soğanı adı ilə tanıdığımız soğan növü idi. Onun da keyfiyyəti əvəzsizdir. Yeri gəlmişkən qeyd edim ki, Abşeronda məşhur kababçılar Hövsan soğanı olmadan lüləkabab bişirməzdilər. Və bu kababı yeyənlər, necə deyərlər, barmaqlarını da yalayardılar. Biz Hövsan soğanının istehsalını artırmaq məsələsini qarşıya qoyduqda məlum oldu ki, onun az qala toxumu da yoxa çıxıb. Toxum sorağına düşərkən Abşeronun qocaman aqronomlarından olan Ruhulla Abbasov belə bir maraqlı məlumat verdi: "Hələ 1930-cu ildə Qazaxıstana buradan Hövsan soğanının toxumunu aparmışlar. Eşitdiyimə görə, orada bu soğanın istehsalı artırılıb". Mən dərhal həmin aqronomu Qazaxıstana göndərdim və oradan iki pud toxum gətirdik. Məsələ onda idi ki, soğan orada da elə Hövsan soğanı adı ilə qalmış, lakin bizdə uzunsov görkəmi olan bu soğan Qazaxıstanda yumrulanmışdı. Bizdə onun Hövsan soğanı olmasına şübhə yarandı, lakin onu Hövsan torpaqlarında əkib becərdikdə tədricən uzunsov olmağa başladı. Məsələ ondadır ki, həmin soğan heç Abşeronun başqa kəndlərində də Hovsandakı keyfiyyəti vermir. Bax, buradan da Abşeron torpaqlarının rəngarəng torpaq xüsusiyyətlərinə malik olması meydana çıxır. Bu həm də anamız torpağın sirlərinin necə möcüzəli olduğuna dəlalət edir. Yeri gəlmişkən deyim ki, Hövsan soğanının bir adı da var ki, bu toxumu Məkkədən gəlmiş bir Şeyx gətirib və onun adı ilə Şıxverdi (yəni Şeyx verdi) adlanıb.
Elə Abşeronun ağ, qara şanı üzümləri haqqında deyim ki, dünyada yetişdirilən 3600 üzüm sortunun heç biri ağ şanı üzümünün verdiyi şəkər faizini vermir. Abşeronun ənciri, badamı, püstəsi əvəzsizdir. Axı niyə bu sehirli torpağın qədrini bilmirik?! Niyə Abşeronda kənd təsərrüfatı çox zəif formada inkişaf edir? Zeytun da, əncir də Quranda adı çəkilən 3 meyvənin ikisidir. Əfsus ki, əncir və zeytun bağları düşməncəsinə məhv edilib. Bax, bu vəhşiliyə nə ad vermək olar?
- İstərdim ki, bir qədər də kəndlərimizin sosial problemlərindən danışasınız.
- Sosial problemlərlə bağlı son vaxtlar görülən, qayğı çox yüksəkdir. Xüsusilə yol tikintisi ilə əlaqədar görülən işlərlə bağlı bəzi xoşagəlməz söhbətlər getsə də amma alqışa layiqdir. Yol mədəniyyət deməkdir. Əvvəllər yollarımız bərbad vəziyyətdə idi. Prezidenti İlham Əliyev cənablarının son çıxışlarında kənd yollarının yenidən qurulması, kəndlərin içməli su ilə təchizatı, qazla təmin olunması və başqa abadlıq işləri də alqışa layiqdir. Amma bütün bunlarla yanaşı unutmaq olmaz ki, kəndlərimiz sürətlə boşalır və bunun da başlıca səbəbi yuxarıda dediyimiz kimi kənd təsərrüfatının bərbad vəziyyətidir. Siz təsəvvür edin, əgər vaxtı ilə olan və yuxarıda qeyd etdiyim istehsalat göstəricilərimiz olarsa, kəndlərimiz boşalarmı? Şübhəsiz ki, yox. Onda insanlarımız tam firavan yaşayar və neftdən asılılıq aradan götürülər. Kəndlinin sosial problemləri sırasında bir məsələni də qabartmaq lazımdır. Siz Şəkidə də, Ağdamda da şahidsiniz ki, biz kənd əhalisinin istirahəti, müalicə ehtiyacını ödəmək üşün yerli imkanlardan geniş istifadə edirdik. Şəkidə də, Ağdamda da onlar üşün neçə-neçə istirahət, sağlamlıq ocaqları yaratmışdıq. Axı kənd adamlarının o zaman da, indi də kənara getmək imkanları azdır və bunu yaddan çıxarmaq olmaz. Bizim o zaman Şəkidə yaratdığımız Marxal, Gələrsən-Görərsən istirahət mərkəzləri, Ağdamda yaradılan Abdal-Gülablı, Şelli, Şahbulaq, Əhmədağalı və sairə yerlər dillər əzbəri idi.
İndi ən başlıca məsələ kimi hər bir rayonun istehsal potensialını müəyyənləşdirib, müvafiq respublika təşkilatları, rayon rəhbərləri qarşısında ciddi məsələ qoyub, məsuliyyət tələb etmək, bunun üçün də çox ciddi kadr islahatı aparmaq həddindən artıq vacibdir. Məgər Sovet dönəmindən irəli gələn " kadrlar hər şeyi həll edir" şüarına şübhə etmək olarmı? Məncə yox. Bu, təkcə kənd təsərrüfatına yox, bütün sahələrə rəhbərlikdə həlledici amildir. Əgər kadr siyasətinə ciddi fikir verilməsə respublikada heç bir sahədə böyük uğurlar qazanmaq mümkün olmayacaq. Mən bunu həyatda və rəhbərlikdə böyük təcrübəsi olan bir mütəxəssis kimi qətiyyətlə deyirəm.
Ağalar İDRİSOĞLU,
Əməkdar İncəsənət Xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB