Sosial evlərin tikintisinə başlandı İlk rayonlar bəlli oldu

Sosial evlərin tikintisinə başlandı İlk rayonlar bəlli oldu

"Aldığım məlumatlara görə, Nizami, Nərimanov və digər rayonlarda sosial evlərin tikintisinə başlanılıb". Bu barədə SİA-ya millət vəkili Vahid Əhmədov məlumat verib.

Sosial evlərin tikilməsi ilə bağlı işlərin uğurla davam etdirildiyini deyən millət vəkili söyləyib ki, hətta müəyyən evlərin bünövrəsi də qoyulub: "Hazırda ölkəmizdə sosial evlərlə bağlı aparılan tikintiyə böyük diqqət yetirilir. Mənzil İnşaatı Dövlət Agentliyi bu proseslərə xüsusi nəzarət edir. Tikintinin aparılması ilə əlaqədar heç bir problem yoxdur".

V. Əhmədov qeyd edib ki, layihənin həyata keçirilməsi çox vacibdir: "Çünki əhalinin böyük hissəsinin evə ehtiyacı var. Sosial layihə əsasən orta və aşağı təbəqə üçün nəzərdə tutulub. Bunun ən mühüm cəhəti ondan ibarətdir ki, əgər ipoteka yalnız iri şəhərlər üçün nəzərdə tutulmuşdusa, sosial evlərin tikilməsi ölkənin bütün rayonlarını əhatə edəcək. Aztəminatlı ailələr sosial evlərdən istifadə edə biləcəklər".

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Agentlik Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə yaradılıb.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə