Kooperativ bazarların təşkilinə dair tələblər müəyyənləşdi

“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb
Kooperativ bazarların təşkilinə dair tələblər müəyyənləşdi

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Layihə haqqında məlumat verən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qanun layihəsi 2015-ci ilin dekabr ayında I oxunuşdan keçib və 4 aydır ki, üzərində işlər aparılır: "Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və inkişafının, kənd təsərrüfatı koperativlərinin təşkilinin və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanun layihəsi üzərində 2012-ci ildən işlənir. Layihənin hazırlanmasında Almaniya təcrübəsindən istifadə edilib. İkinci oxunuşda qanun layihəsində artıq kənd təsərrüfatı kooperativlərinin 3 növü - istehsal, istehlak və istehsal-istehlak (qarışıq) kooperativləri əksini tapıb və onların fəaliyyət prinsiplərinə aydınlıq gətirilib. Kənd təsərrüfatı istehsalı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə şəxsi əməyi ilə iştirakına əsaslanan birgə istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşməsi ilə yaradılan kommersiya hüquqi şəxsdir. İstehsal kooperativlərində işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir. İstehsal kooperativində muzdlu işçilərin sayı kooperativin əsas üzvlərinin sayının 30 faizindən (mövsümi işlərə cəlb edilənlər istisna olmaqla) çox ola bilməz. Qanun layihəsinin ikinci oxunuşunda dövlətin kənd təsərrüfatı kooperasiyası sahəsində vəzifələri də artırılıb. Bu vəzifələrə dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyən etmək və şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının etibarlı ödənilməsi üçün şəhər və kənd bələdiyyələri və onların ittifaqları arasında kənd təsərrüfatı məhsullarının satışı üzrə əməkdaşlığın genişləndirilməsi daxildir. Bələdiyyələr qarşısında da yeni vəzifələr müəyyən edilib. Bələdiyyələr kooperativin müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmalı, yarmarkaların təşkili üçün yer verməli, mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin ayrılmasında iştirak etməlidir".

Müzakirələrdə çıxış edən Milli Məclisin iqtisadi qanunvericilik şöbəsinin müadi müavini, aqrar sektorun müdiri Vilayət Əlizadə söyləyib ki, qanun layihəsi kooperaiya sisteminin təbiqində, aqrar sahənin yeniləşməsində mühüm əhəmiyyət kəsb edəcək: "I oxunuşdan sonra layihə mühüm dəyişikliklər edilib. Belə ki sənədə 6 yeni maddə və 50-dən çox müddəa əlavə edilib. Qanun layihəsinin ikinci oxunuşunda kooperativ bazarların təşkili barədə maddə də əlavə edilib. Kooperativlərin səmərəli fəaliyyətini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kooperativ bazarlar təşkil ediləcək. Kooperativ bazarlar kənd təsərrüfatı məhsullarının satışı (ticarəti) ilə məşğul ola istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərəcək. Kooperativ bazarların yaradılması və onlara torpaq ayrılmasını müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirəcəklər. Kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kooperativlərin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan digər fiziki və hüquqi şəxslərin satış etməsinə yol verilməyəcək. İstehlak kooperativi kənd təsərrüfatı məhsullarının istehsalçıları olan fiziki və ya hüquqi şəxslərin kənd təsərrüfatı sahəsində fəaliyyəti dövründə üzvlərinin xərclərinin azalmasına və gəlirlərinin artmasına, onların iqtisadi maraqlarının müdafiəsinə yönəlmiş xidmətlərin təşkili üçün birləşməsi yolu ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. İstehsal-istehlak (qarışıq) kooperativ kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışı ilə bağlı birgə təsərrüfat fəaliyyətini həyata keçirmək, üzvləri istehsal vasitələri və maddi-texniki resurslarla təmin etmək, onlara iqtisadi, sosial və digər tələblərini ödəmək məqsədi ilə xidmətlər göstərmək üçün yaradılan kommersiya hüquqi şəxsdir".

Çıxış edən millət vəkili Eldar Quliyev söyləyib ki, qanun layihəsi bazarlarda mövcud olan inhisarçılığın qarşısının alınmasına mühüm təsir edəcək.

Millət vəkili Hüüseynbala Mirələmov isə layihənin tez bir zamanda qəbulunun vacibliyini vurğulayıb. H. Mirələmov qeyd etdi ki, layihədə nəzərdə tutulan kredit, aqrolizinq və digər mexanizmlərlə bağlı məsələlər həllini tapmasa, o zaman qanun layihəsi işlək olmayacaq.

Komitənin digər üzvü millət vəkili Novruz Aslan da qanun layihəsinin tarixi əhəmiyyət daşıdığını bildirib.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə