Tofiq Qəhrəmanov: "“Azneftyağ”a məxsus qurğuların istismarı dayandırılacaq" AÇIQLAMA

Tofiq Qəhrəmanov: "“Azneftyağ”a məxsus qurğuların istismarı dayandırılacaq" AÇIQLAMA

""Bakı Ağ Şəhər" layihəsinin sürətlə həyata keçirilməsinə maneə törədən amillərdən biri həmin ərazidə "Azneftyağ" müəssisəsinin bir neçə qurğusunun fəaliyyət göstərməsidir. Söhbət bitum qurğusundan və neftin ilkin emalı ilə məşğul olan qurğulardan gedir". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, "Azneftyağ" olduqca köhnə zavoddur və ötən ilin yanvarından bu zavodun istismar müddəti başa çatıb: "Buna baxmayaraq, sözügedən qurğular hələ də fəaliyyət göstərir. Biz hal-hazırda Heydər Əliyev adına neft emalı zavodunda sürətlə yenidənqurma işlərini aparırıq. Yeni bitum qurğusunun inşası bizim üçün prioritetdir. 2018-ci ilin yayında istehsal gücü ildə 400 min ton olan yeni bitum qurğusunu istismara verəcəyik. Bundan sonra "Azneftyağ"a məxsus qurğuların istismarı dayandırılacaq. Bundan sonra orada təmizlik işləri aparılacaq və "Bakı Ağ Şəhər" layihəsinin icrasına veriləcək".

Neftin dünya bazarındakı qiymətinin dəfələrlə ucuzlaşmasının SOCAR-ın fəaliyyətinə hər hansı mənfi təsirinin olub-olmaması məsələsinə də toxunan Tofiq Qəhrəmanov bildirib ki, neftin qiymətinin ucuzlaşması bu və ya digər şəkildə SOCAR-ın fəaliyyətinə də mənfi təsir göstərib: "Biz çalışırıq ki, neft-qazla bağlı irihəcmli layihələrdən kənarda qalmayaq, eyni zamanda sosial layihələrdə də hər hansı kəsirin olmamasına səy göstəririk. Bunu məqsəd kimi qarşıya qoymuşuq".

Bütün xəbərlər Facebook səhifəmizdə