"Palata daxilində sığorta nəzarəti departamentinin fəaliyyətə başlaması ölkədə sığorta fəaliyyəti sahələrində nəhayət ki, normal münasibətlərin təşəkkül tapmasına zəmin yaradacaq, bu sahədə ödəniş sistemi fəaliyyətinin çevikliyini və şəffaflığını təmin edəcək, həmçinin düzgün tənzimləmə və nəzarət sisteminin yaranmasına imkan verəcək". Bunu SİA-ya iqtisadçı ekspert Pərviz Heydərov deyib.
O qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmaqla, Nizamnaməsi qüvvəyə mindiyi gündən üç dövlət qurumu - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edildi və onların istifadəsində olan dövlət əmlakı Palataya verildi. Bunların əvəzində Palata daxilində müvafiq departamentlər yaradılıb: "Prezidentin Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında Fərmanında da qeyd olunub ki, son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir. Ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması tələb olunur".
Ekspert bildirib ki, sığorta özü maliyyə bazarının mühüm bir hissəsini təşkil edir: "Bu sahə bizdə demək olar ki, inkişaf etməyib. Burada əsas səbəb heç də inamsızlıq deyil. Sadəcə, sığorta anlayışımız özü zəifdir. Düşünürəm ki, bu sahədə bazar yenidən qurulmalıdır. Bu, qarşılıqlı fayda prinsipi əsasında təşkil olunmalıdır ki, bu zaman sığorta olunanların hüquqlarının qorunmasının təmin edilməsi mexanizmin əsasını təşkil etməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatasına bu mənada böyük ümidlər bəslənilir. Hesab edirəm ki, Maliyyə Nazirliyinin keçmiş Dövlət Sığorta Nəzarəti Xidmətinin indiyədək görə bilmədikləri işlərin öhdəsindən Palata uğurla və özü də qısa müddətə gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB