Nazir: "İqtisadiyyat Nazirliyinə müraciət edən market şəbəkələrinin xahişinə Vergilər Nazirliyi ilə birgə baxılır"

Nazir: "İqtisadiyyat Nazirliyinə müraciət edən market şəbəkələrinin xahişinə Vergilər Nazirliyi ilə birgə baxılır"

"İqtisadiyyat Nazirliyinə müraciət edən market şəbəkələrinin xahişinə Vergilər Nazirliyi ilə birgə baxılır". SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib

"Bilirsiniz ki, İqtisadiyyat Nazirliyində market şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib və onların xahişi nəzərə alınıb. İqtisadiyyat Nazirliyi Vergilər Nazirliyi ilə birgə bu məsələyə baxır. Konkret kənd təsərrüfatı məhsullarının satışı zamanı mərhələlərlə vergiyə cəlb olunması ilə bağlı bəzi problemlər onlar tərəfindən qaldırılıb. Hal-hazırda onlara baxılır", - deyə nazir qeyd edib.

Xatırladaq ki, ötən həftə bir qrup iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Sahibkarlar müraciətində bildirib ki, müflis olma təhlükəsi qarşısındadırlar. Bildirilib ki, hazırda tətbiq edilən effektiv vergi dərəcələri və digər ödəmələr qiymətlərin stabil saxlanmasına imkan vermir. Üstəlik devalvasiyası nəticəsində əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Sahibkarlar hesab edir ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət pərakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıdır.

Müraciətdən sonra iqtisadiyyat naziri şəbəkə rəhbərlərinin nümayəndələrini qəbul edib. Nazirliyin açıqlamasında qeyd edilib ki, görüşdə sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV-nin tətbiqinin aradan qaldırılması məsələsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə