BANM ilə ABOEMDA arasında razılaşma imzalanıb

BANM ilə ABOEMDA arasında razılaşma imzalanıb

Bakı Ali Neft Məktəbi (BANM) ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. BANM-dən SİA-ya verilən məlumata görə, razılaşmaya əsasən, BANM-in tələbələri üçün agentliyin tabeliyində olan obyektlərə tanışlıq səfərlərinin təşkili, istehsalat təcrübələrinin təşkilinə şəraitin yaradılması, bərpa olunan və alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində birgə elmi-tədqiqat işlərinin aparılması, seminar və konfransların təşkili və digər məsələlər nəzərdə tutulur.

Bu ali təhsil müəssisəsinin rektoru Elmar Qasımov burada yaradılan yeni strukturlar, kampusdakı laboratoriya təchizatları, beynəlxalq əməkdaşlıq istiqamətləri barədə danışıb. E.Qasımov ölkəmizin qeyri-neft sektorunun inkişafına dəyərli töhfələr vermək məqsədilə bu ali məktəbin strukturunda bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin yaradıldığını, BANM-də mütəxəssis hazırlığının planlaşdırıldığını bildirib. Rektor BANM ilə ABOEMDA arasında qurulan əməkdaşlığın bərpaolunan və alternativ enerji mühəndisliyi sahəsində müasir təhsil proqramı əsasında yüksək ixtisaslı mühəndis kadrların hazırlanmasına və "ömürboyu təhsil" konsepsiyası çərçivəsində biliklərin yayılmasına böyük təkan verəcəyinə əminliyini ifadə edib.

Dövlət Agentliyinin sədri iki qurum arasında əməkdaşlığın bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi, mühəndis kadrların hazırlanması layihəsinə və bu istiqamətdə digər işlərin həyata keçirilməsinə geniş imkanlar yaradacağını bildirib.

ABŞ-ın Bərpa olunan Enerji üzrə Amerika Şurasının vitse-prezidenti Tom Veyriç BANM-də bərpa olunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin yaradılmasını və bu istiqamətdə aparılan işləri yüksək dəyərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə