Mərkəzi Bank tədbirlərini davam etdirir

Mərkəzi Bank “Maliyyə savadlılığı” layihəsi çərçivəsində tədbirlərini davam etdirir

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən "Maliyyə savadlılığı" layihəsi çərçivəsində 14-18 dekabr 2015-ci il tarixlərində tələbələr üçün "Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı müsabiqə xarakterli təlim təşkil edilib.

Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, iki mərhələli təlimin I mərhələsində iştirak etmək üçün ali təhsil müəssisələrinin III və IV kursunda təhsil alan 75 tələbəyə bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçirilmişdir. Bu mərhələnin sonunda keçirilmiş yoxlama imtahanı nəticəsində uğur qazanmış 26 tələbə növbəti tura keçmişdir. Bu turda onlara Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu, Yapı Kredi Bank Azərbaycan, Amrahbank ASC və "FINCA Azerbaijan" Qeyri-bank Kredit Təşkilatının mütəxəssisləri tərəfindən "İstehlakçı büdcəsinin idarə olunması, nağdsız ödənişlər və əmanətlərin sığortalanması", "Nağd pul kreditləri və müddətli əmanətlər", "Mikromaliyyənin önəmi və məsuliyyətli borclanma" və "Bank əməliyyatları" mövzularında seminarlar keçirilib.

İkinci mərhələnin sonunda yekun test imtahanında ən yüksək nəticə göstərmiş 10 tələbə müvafiq olaraq Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (2 tələbə), Yapı Kredi Bank Azərbaycanda (4 tələbə), Amrahbank ASC-də (1 tələbə) və "FINCA Azerbaijan" Qeyri-bank Kredit Təşkilatında (3 tələbə) təcrübəçi olmaq imkanı qazanmışdır.

Yapı Kredi Bank Azərbaycanda təcrübə keçən tələbələr bankın departamentlərinin işi ilə yaxından tanış olmuş, o cümlədən müştərilər arasında əmanət mövzusunda sorğu keçirmişlər. Sorğu zamanı müştərilərə bankın əmanət məhsulları barəsində məlumat təqdim olunmuş, pul vəsaitlərinin banklarda saxlanılmasının faydaları haqqında məlumat çatdırılmış və onlara promo materiallar hədiyyə edilib.

"FINCA Azerbaijan"da üç tələbə təşkilatın Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə və Müştəri Münasibətlərinin İdarə olunması bölmələrində 1 ay boyunca təcrübə keçərək bu sahədə müəyyən bilik və bacarıqlar əldə etmişdir. Təcrübəçilər qrup rəhbərləri tərəfindən onlara verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirmiş və işlərində peşəkarlıq nümayiş etdirərək istehsalat təcrübəsini uğurla başa vurublar.

Seçilmiş digər tələbələr hazırda Amrahbank və Əmanətlərin Sığortalanması Fondunda təcrübə keçirlər.

Mərkəzi Bankın təşəbbüsü ilə baş tutmuş bu təlimə tələbələrin böyük marağını və daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, 2016-cı ilin I yarısında layihə üzrə növbəti təlimlərin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...