"Hələlik Azərbaycan neftinin dünya bazarında qiymətinin artması manatın məzənnəsinə təsir göstərmir. Çünki, neftin dünya bazarında qiyməti, hələ ki arzu olunan səviyyədə deyil". Bunu SİA-ya açıqlamasında ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, indiki halda manatın məzənnəsinin möhkəmlənməsi daha çox daxili faktorlarla bağlıdır: "Dollarlaşma prosesinin son mərhələdə olması, əks-dollarzasiya prosesinin başlanması manatın məzənnəsinin möhkəmlənməsinə təsir göstərir. Vaxtilə pullarını dollara çevirənlər xərcləmələr üçün manat almaq məcburiyyətindədirlər".
İqtisadçı-ekspertin sözlərinə görə, son 1 ildə Azərbaycanda manat bazası 2 dəfəyə yaxın azalaraq 5 milyard manata düşüb: "Manat bazasının azalması manat təklifinin də azalmasına səbəb olub. Bu gün satışa çıxarılan dolların əhəmiyyətli hissəsi satılmır. Bayram günlərindən sonra son 3 iş günündə Dövlət Neft Fondu tərəfindən auksiona çıxarılan dollarların satışı həyata keçirilmədi və onların böyük qismi geri qaytarıldı. Bu, dollar sifarişinin və tələbinin az olması ilə bağlıdır. Birmənalı şəkildə bu gün bazarın dollar təklifinin artması və bütövlükdə manata olan tələbin artması manatın məzənnəsinə təsir göstərir. Bu da nəticə etibarı ilə manatın bahalaşmasına gətirib çıxarır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB