Fikrət Yusifov: “Banklar güzəşt etməyə məcbur edilməlidir” AÇIQLAMA

Fikrət Yusifov: “Banklar güzəşt etməyə məcbur edilməlidir” AÇIQLAMA

"İqtisadçıların ölkə başçısına müraciəti həm qanuna həm də məntiqə tam uyğundur". Bunu SİA-ya iqtisadçı-ekspert Fikrət Yusifov 11 iqtisadçının xarici valyutayla götürülən kreditlərlə bağlı Prezidentə müraciəti barədə açıqlamasında deyib.

İqtisadçı-ekspert bildirib ki, vaxtilə insanları xarici valyutada yüksək faizlərlə kredit götürməyə zorla təhrik etmiş banklar indi bu addımlarının bədəlini ödəməyə məhkumdurlar: "Əks halda müştərilərdən daha çox onların öz aqibəti yaxşı olan heç nə vəd etmir. Banklar isə bu gün də eyni "uğurla" yeni müştərilərə kreditləri xarici valyutada təklif etməklə məşğuldurlar. Bu, sadəcə indiyə qədər onların etdiyi yanlışlığın davamıdır. Manat bu dövlətin milli valyutasıdır, dövlətçiliyimizin rəmzidir, onu əcnəbi valyutaların ayaqları altına atmaq ən azı vicdansızlıqdır. Milli valyutaya hər kəs hörmətlə yanaşmağa borcludur və bu işdə hamıdan daha çox borclu olan da elə banklar özləridirlər. Lakin bu gün kredit verdikləri müştərilərlə münasibətlərdə bütün oyun qaydalarını birtərəfli qaydada öz xeyirlərinə müəyyən etmiş banklar, bir tərəfdən yeni kreditləri yalnız xarici valyutada təklif edir, digər tərəfdən isə xarici valyutada kredit götürmüş müştəriləri müxtəlif üsullarla aldadırlar. Öz qazanclarını düşünməkdən başqa heç nəyin fərqində olmayan, yüngül yolla varlanmağı özlərinə seçim etmiş bu banklara, milli valyutamızı belə aşağılamaq imkanı vermək olmaz".

Onun sözlərinə görə bankların xarici valyutada müştərilərə sırıdıqları kreditlər üzrə məzənnə fərqini ödəmək üçün geniş imkanları var: "Çünki, bu kreditləri onlar müştərilərə 200-300 % mənfət əldə etmək hesabı ilə veriblər. Sadəcə onlar bunu etmək istəmirlər. Bu səbəbdən də düşünürük ki, onları buna məcbur etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə