Artur Rasizadə: “Sahibkarlıq fəaliyyəti subyektlərinin sayı 84 mini ötüb”

Artur Rasizadə: “Sahibkarlıq fəaliyyəti subyektlərinin sayı 84 mini ötüb”

2015-ci ildə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində ciddi addımlar atılıb. SİA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən baş nazir Artur Rasizadə deyib.

Baş nazirin sözlərinə görə, görülən tədbirlər nəticəsində sahibkarlıq fəaliyyəti subyektlərinin sayı 10,7% artaraq 84 mini ötüb. A. Rəsizadə bildirib ki, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 11% artaraq 577 min nəfərə çatıb: "Ötən il sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılıb. Ötən il Sahibkarlığa Kömək Milli Fondu 5000-dən artıq sahibkara 250 milyon manata yaxın güzəştli kredit verib. Verilən kreditlərin 64%-i regionların payına düşüb".

Baş nazir bildirib ki, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlərarası geosiyasi qarşıdurmalar yeni iqtisadi durum yaradıb: "Belə bir vaxtda ölkədə iqtisadi artımın təmin edilməsi o qədər də asan deyil. Şübhəsiz ki, ötən il əldə olunmuş nailiyyətlər əvvəlki illərdə əsası qoyulmuş iqtisadi potensialın və prezident İlham Əliyevin düşünülmüş, ardıcıl iqtisadi siyasəti nəticəsində mümkün olub. Belə qlobal iqtisadi proseslər zamanı dövlət qurumlarının yeganə məqsədi mövcud sabitliyin qorunması, xalqın rifahının yaxşılaşdırılması və ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Ötən il görülmüş işlər də bu məqsədlərə xidmət edib".

Bütün xəbərlər Facebook səhifəmizdə