İranla dərman istehsalı sahəsində müzakirələr aparılıb

İranla dərman istehsalı sahəsində müzakirələr aparılıb

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının səhiyyə və tibbi təhsil nazirinin müavini, Ərzaq və Dərman Məhsulları Təşkilatının sədri Rəsul Dinarvəndinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə nazir Şahin Mustafayev son illərdə ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, Azərbaycan Respublikası Prezidentinin İran İslam Respublikasına səfərindən sonra qarşılıqlı əlaqələrin daha da intensivləşdiyini vurğulayıb.

Ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də səhiyyə sahəsində əməkdaşlıq etdiyini qeyd edən Şahin Mustafayev hazırda Azərbaycanda əczaçılıq məhsulları istehsalı müəssisəsinin yaradılmasına dair İranın "Darou Pakhsh" şirkəti ilə danışıqların aparıldığını, müəssisənin təşkili üçün Sumqayıt Kimya Sənaye Parkında müvafiq yerin təklif edildiyini bildirib. Qeyd olunub ki, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər.

İran İslam Respublikasının səhiyyə və tibbi təhsil nazirinin müavini Rəsul Dinarvəndi Azərbaycan Respublikası Prezidentinin İrana fevral ayındakı səfərindən sonra digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıb. İranın tibb və dərman istehsalı sahələrində təcrübəsini qeyd edən Rəsul Dinarvəndi ölkəmizlə birgə əczaçılıq məhsulları istehsalı müəssisəsinin yaradılmasının İran tərəfindən dəstəkləndiyini, "Darou Pakhsh" şirkəti ilə yanaşı, digər İran şirkətlərinin də cəlb oluna biləcəyini vurğulayıb. Bundan başqa, Azərbaycan xəstəxanalarının təchizatı, təcrübə mübadiləsi və müalicə sahəsində birgə əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur.

Görüşdə Azərbaycanda birgə dərman istehsalı müəssisəsinin yaradılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə