“TAP-ın təməlqoymasının təxirə düşməsi problem yaratmaz” AÇIQLAMA

“TAP-ın təməlqoymasının təxirə düşməsi problem yaratmaz” AÇIQLAMA

"TAP-ın təməlqoymasının maya qədər təxirə düşməsinə səbəb texniki məsələlərdir. Burada başqa problemlərdən söhbət gedə bilməz". Bunu SİA-ya açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin deputatı Əli Məsimli deyib

Onun sözlərinə görə, TAP Azərbaycan üçün önəmli layihədir: "TAP layihəsi təzyiqlərə baxmayaraq, Dövlət Başçısının siyasi iradəsi hesabına həyata keçirilən çox vacib layihədir. Ölkəmiz TAP layihəsinin reallaşdırılması sahəsində aktiv fəaliyyət göstərir. Azərbaycan bütün ağırlığı Türkiyə ilə birlikdə öz üzərinə götürərək enerji layihələrini gerçəkləşdirir. Layihələr artıq işə düşüb".

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Vahid Əhmədov isə TAP-ın təməlqoymasının maya qədər təxirə düşməsinin müəyyən siyasi hadisələrlə bağlı olduğunu dilə gətirib: "Son zamanlar bölgədə, Türkiyə ətrafında baş verən müəyyən siyasi hadisələr TAP-ın təməlqoymasının vaxtını təxirə sala bilər. Hesab edirəm ki, əsas TANAP layihəsidir ki, orada işlər gedir. TAP layihəsi 1 il və ya yarım il yubansa da, ciddi problem olmaz. Bizi maraqlandıran əsas məsələ TANAP layihəsinin sona çatdırılmasıdır".

Qeyd edək ki, TAP layihəsinin təməlqoyması mart ayında nəzərdə tutulsa da, may ayına qədər təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə