Millət vəkili: “2016-cı il ağır il olacaq”

"Mikrorayonlar yeni binalarla əvəz olunacaq. Yaxın zamanda tikintiyə start veriləcək"
Millət vəkili: “2016-cı il ağır il olacaq”

"2016-ci il Azərbaycan üçün iqtisadi cəhətdən müəyyən qədər ağır il olacaq". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, ölkədə iqtisadi vəziyyəti daha da yaxşılaşdırmaq üçün 3 əsas sahəyə diqqət yetirilməlidir: "2016-cı ildə kənd təsərrüfatı, kiçik orta sahibkarlıq və tikinti sektorunun inkişafına xüsusi diqqət verilməlidir. Biz cari ildə hər üç sektoru ön plana çıxarıb, bu sahənin fəaliyyəti üçün lazımi tədbirlər görməliyik. Hazırda kənd təsərrüfatı sahəsi ilə əlaqədar nazirlik səviyyəsində ciddi məşğul olunur. Lazımi işlər görülür".

V. Əhmədovun fikrincə, kiçik-orta sahibkarlığın inkişafı üçün bütün maneələr aradan qaldırılmalıdır: "Maneələr aradan qaldırılmalıdır ki, insanlar bu sahəni inkişaf etdirə bilsin. Banklar da bu sahələrin inkişafına kömək etməlidirlər. Tikinti sektorunun inkişafı ilə bağlı isə Dövlət Başçısı tərəfindən müəyyən qərarlar verilir. Bilirsiniz ki, mikrorayonlar yeni binalarla əvəz olunacaq. Yaxın zamanda tikintiyə start veriləcək".

2016-ci ilin büdcəsinə edilən dəyişikliklər haqqında da danışan millət vəkili deyib ki, yenilənmiş dövlət büdcəsinin həm gəlirlərinə, həm də xərclərinə əlavələr edilib: "Büdcəyə edilən dəyişikliyin 2 səbəbi var idi. Biri dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, digər isə manatın kəskin devalvasiyası idi. Bundan öncəki büdcədə gəlirlər 14.6 milyard manat nəzərdə tutulurdusa, yeni büdcədə bu rəqəm 16.8 milyard manat təşkil edir. Əvvəlki variantda xərclər 16.3 milyard manat yaxın götürülmüşdüsə, yenilənmiş büdcədə bu rəqəm 2.2 milyard artaraq 18.5 milyard manat təşkil edib. Yenilənmiş büdcənin xərclərindən əmək haqqı, pensiya sosial müavinətlər üçün 800 milyon manat ayrılıb. 400 milyon manat hərbi, qalanları isə, səhiyyə, təhsil və digər sahələrə ayrılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə