2016-cı ilin büdcəsinə hansı dəyişikliklər ediləcək?

2016-cı ilin büdcəsinə hansı dəyişikliklər ediləcək?

"Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, 2016-cı ilin büdcəsinə yenidən baxılmasına şərait yaradır". Bunu SİA-ya açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib.

Onun sözlərinə görə, ötən ilin 21 dekabrında ölkədə baş verən devalvasiya 2016-cı ilin büdcəsinin ayrı-ayrı göstəricilərinin əhəmiyyətini tamamilə aradan qaldırır: "Hazırda qüvvədə olan büdcədə neftin bir barelə görə qiyməti 50 dollar götürülübsə, dürüstləşdirilmiş büdcədə bu rəqəm 25 dollar kimi götürüləcək. Bu da əvvəlkindən 2 dəfə aşağı olduğu üçün, Azərbaycanın yeni dürüstləşdirilmiş büdcəsinin göstəricilərinə təsirsiz ötüşməyəcək".

Millət vəkili söyləyib ki, ölkədə baş verən devalvasiya qiymətlərə də təsir göstərib: "Devalvasiya qiymətlərin artmasına gətirib çıxarıb. Lakin bunun əhalinin sosial vəziyyətinə təsir etməməsi üçün bir sıra sosial tədbirlər həyata keçirilir. Onlardan biri də maaşların, pensiyaların və digər ödənişlərin artırılmasıdır. Bütün bunlar 2016-cı ilin büdcəsində yeni əlavə vəsaitlər alınması istiqamətində addımların atılmasını zəruri edir. Hazırkı büdcədə gəlirlər 14.6 milyard manat nəzərdə tutulurdusa, yeni büdcədə bu rəqəm 16.8 milyard manat təşkil edəcək. Bu, hazırda qüvvədə olan büdcənin gəlirləri ilə müqayisədə 2.2 milyard manat və ya 16 faizə yaxın artım deməkdir. Köhnə variantda xərclər 16.3 milyard manat yaxın götürülmüşdüsə, yenidən baxılacaq büdcədə bu rəqəm 2.2 milyard artaraq 18.5 milyard manat təşkil edəcək. Bu da 14 faizə qədər artım deməkdir".

Ə. Məsimli vurğulayıb ki, söylənən artımların əsas hissəsi Dövlət Neft Fondundan transferti hesabına həyata keçiriləcək: "Köhnə variantda Dövlət Neft Fondundan 6 milyard manat götürülməsi nəzərdə tutulmuşdusa, hazırda bu vəsait 7.6 milyard manatdan çox olacaq. Bütövlükdə büdcə gəlirlərinin 45 faizindən çox artması nəzərdə tutulur".

Bütün xəbərlər Facebook səhifəmizdə