Arif Rəhimzadə: "Bələdiyyələrə ayrılan vəsait artırılmalıdır"

Arif Rəhimzadə: "Bələdiyyələrə ayrılan vəsait artırılmalıdır"

"Bələdiyyələrin fəaliyyətinin düzgün olması üçün onların müvafiq büdcəsi olmalıdır. Bir çox bələdiyyələr heç işçilərinə məvacib verə bilmir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzə haqqında danışarkən deyib.

Komitə sədri bildirib ki, bələdiyyələrin bəzilərinin Dövlət Sosial Müdafiə Fonduna 20-40 min manat borcları var: "Onların büdcələrinə pul daxil olan kimi dərhal fondun hesabına köçürürlər. Nəzərə alsaq ki, respublika bələdiyyələrinin 14 faizinin əhalisi 1000 nəfərə qədərdir, o zaman onların vəziyyəti daha acınacaqlıdır. Belə bələdiyyələr tənqid edilsə də, cəzalandırılsa da vəziyyət düzəlməyəcək. Ona görə də həmin bələdiyyələrə mütləq dövlət kömək etməlidir. Qanunvericilik də buna imkan verir. Bütün bunları nəzərə alaraq dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait artırılmalıdır".

A.Rəhimzadə qeyd edib ki, bələdiyyələr müəyyən layihələri icra etmək üçün subsensiya almaq hüququna malikdir: "Lakin nə keçən il, nə də bu il müvafiq məqsədlə vəsait ayrılmayıb. Heç dövlət büdcəsində də bununla bağlı müvafiq sətir yoxdur. Büdcədə builki gərginliyi anlayırıq. Lakin bu şəraitdə bələdiyyələrə ayrılan dotasiyaların bir hissəsi subsensiya yolu ilə ifadə oluna bilərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə