Bu gün Bakı Biznes Mərkəzində Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumu keçirilib. SİA-nın xəbərinə görə, forumda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Ümumdünya Bankının, yerli bankların, qeyri-dövlət təşkilatlarının nümayəndələri və iş adamları iştirak ediblər.
Forumda çıxış edən vergilər nazirinin müavini, 3 dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbyacan öz iqtisadi potensialını ildən-ilə artırır, dünyada gedən proseslərə adekvat cavab verə bilir: "Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasının əsasında ilk növbədə ölkədə yaradılmış siyasi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülmüş tədbirlər dayanır".
Nazir müavini bildirib ki, neft gəlirlərinin azalması Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına müəyyən qədər təsir göstərsə də, 2015-ci il ərzində proqnoza 100, 1 faiz əməl edilib: "Büdcəyə 7 milyard 118, 2 mln.manat vergi toplanıb. Ümumi vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 70%-dən çox olub. Regionlarımızda həyata keçirilmiş iqtisadi islahatlar nəticəsində regionlar üzrə vergi daxilolmaları son 5 ildə təxminən 2 dəfə artıb, paytaxtdan kənar şəhər və rayonlar üzrə dövlət büdcəsinə 622, 1 milyon manat vəsait daxil olub".
Sahib Ələkbərov onu da bildirib ki, 2016-cı ildə neft sektorundan büdcəyə daxilolmaların məbləği xeyli azalacaq: "Qarşıdakı ildə gözlənilir ki, büdcəyə vergi daxilolmaları proqnozlarında neft-qaz sektorundan daxilolmalarda xeyli kəsir olsun. Biz buna ciddi yanaşırıq və bununla əlaqədar əlavə mənbələr axtarılıb tapılır. Hesab edirik ki, büdcənin gəlir hissəsinin təmin olunmasında Vergilər Nazirliyi proqnozları tamamilə yerinə yetirəcək. Sahibkarlar da öz növbələrində bütün bu məsələləri nəzərə alaraq büdcəyə ödənilməli olan vergiləri tam həcmdə ödəsinlər. Əgər belə olarsa bizim heç bir problemimiz qalmayacaq".
Nazir müavini vurğulayıb ki, dövlət qarşısında duran vəzifələri reallaşdırmaq məqsədilə sahibkarlığın inkişafı, mövcud biznes mühitinin yaxşılaşdırılması istiqamətində, o cümlədən də dünyada gedən iqtisadi böhranın əhaliyə bir o qədər mənfi təsir etməməsi üçün işlər aparır: "Bu strategiyanın davamlı olması üçün dövlət büdcəsinin gəlirlərini artırmaq lazımdır. Təbii ki, bunun üçün sahibkarlar və biznes strukturları ciddi iş görməlidirlər. Dövlət başçısı sahibkarlar və dövlət orqanları qarşısında konkret vəzifələr qoyub. Bu vəzifələrin həyata keçirilməsi bizim vəzifə borcumuzdur".
Daha sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Forumunun ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti, işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm addım olduğunu diqqətə çatdırıb. Deputat qeyd edib ki, vergi siyasəti maliyyə sabitliyinin qorunmasına, ölkəmizin iqtisadi inkişafı ilə bağlı müəyyən olunmuş hədəflərin reallaşmasına ilə bilavasitə təsir edir.
Çıxış edən Dünya Bankının Azərbaycan üzrə təmsilçisi Larisa Lesçenko Azərbaycanda vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndirərək qeyd edib ki, dünyada çətin iqtisadi şəraitə baxmayaraq ötən ilin birinci yarısında Azərbaycan ciddi iqtisadi artıma nail olub: "Belə ki, 2015-ci ilin birinci yarısında Azərbaycanda 5,7% iqtisadi artım qeydə alınıb. Ötən ilin ikinci yarısında isə iqtisadi artım tempi az sürətlə davam edib. Bütövlükdə qeyri-neft sektorunun neft sektoru ilə müqayisədə daha sürətli templə artdığını deyə bilərik. Bu da təqdirəlayiq bir haldır. Qeyri-neft sektorunun ÜDM-də payının yüksəlməsi bir daha onu göstərir ki, iqtisadi siyasət düzgün istiqamətdə təşəkkül tapır".
L. Leşçenko əlavə edib ki, Dünya Bankının hesablamalarına görə, yaxın gələcəkdə dünya bazarında neftin qiyməti aşağı olaraq qalacaq: "Dünya Bankı qlobal qeyri-müəyyən şəraitdə, neftin ucuzlaşdığı bir vaxtda Azərbaycana dəstəyini davam etdirəcək. Bu baxımdan neft gəlirlərindən asılı vəziyyətə düşməmək üçün, dayanıqlığının artırılması üçün iqtisadiyyatın şaxələndirilməsi vacibdir. Biz daxili və kənar risklərə qarşı müqavimətini artırmalıyıq. Çətin zamandır, amma çətin şərait dayanıqlı inkişaf üçün yeni imkanlar yaranır".
Forumda açıq dialoq şəraitində keçən müzakirələrdə Vergilər Nazirliyinin 1 saylı Vergilər Departamentinin rəisi Natiq Şirinov, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini Fikrət Şirinov və digərləri çıxış edərək ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün vacib hesab etdikləri məsələlər barədə fikirlərini bölüşüblər.
Sonda nazirliyin rəhbər şəxsləri jurnalistlərin suallarını cavablandırıblar.
.jpg)








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB