OPEK toplanır TƏCİLİ

"OPEK-ə daxil olan 6 ölkə təşkilatın növbədənkənar toplantısına qatılmaq barədə irəli sürülən təşəbbüsə müsbət cavab verib. Əgər toplantı barədə qərar verilsə, ölkələr orada iştirak edəcək". SİA xəbər verir ki, Venesuelanın neft nazirinin bu fikirlərini Bloomberg agentliyi yayıb.

Qeyd edilir ki, Venesuelanın neft naziri, eləcə də PDVSA kompaniyasının rəhbəri Euloxio del Pino ötən gün Tehrana səfər edib və buna qədər Moskvada da bir sıra görüşlər keçirib. Məlumata görə, OPEK-in konfransında iştirak etmək üçün bu quruma üzv olmayan Rusiya və Oman da razılıq verib. Qurumun üzvləri olan İraq, İran, Əlcəzair, Nigeriya, Ekvador və Venesuela isə daha öncədən bu qərarı dəstəkləyiblər. Venesuelalı nazir bəyanatında deyib ki, planlaşdırılan görüş yeni razılaşmanın əldə eidlməsi məqsədini daşıyır.

Agentlik onu da bildirir ki, del Pino həftə ərzində Səudiyyə Ərəbistanının neft naziri Əli Əl-Naimi, eyni zamanda Qətərin energetika və sənaye naziri Məhəmməd Saleh Əl-Sədlə də görüşməyi nəzərdə tutub.

Qeyd edək ki, OPEK-ə üzv olan və olmayan ölkələr arasında neftin istehsalı, qiyməti və satışı məsələsində fikir ayrılıqları mövcuddur və bu da dünyada "qara qızıl"ın qiymətinə öz mənfi təsirini göstərməkdə davam edir, iqtisadi böhranı isə gücləndirir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə