Son illər Azərbaycan da bütün sahələr inkişaf edir, əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır, ordu potensialı güclənir, güclü Milli Ordumuzun işğal altında olan Dağlıq Qarabağın milli maraqlarımız çərçivəsində həllinə təminat yaradılır. Həyata keçirilən düzgün, məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişiklikləri baş vermiş, manatın devalvasiyası nəticəsində yarana biləcək inflyasiya cilovlanmış, Milli Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulmuş, büdcə kəsiri ÜDM-in 1-2%-i səviyyəsinə endirilmişdir. Əldə olunan uğurlu nəticələrə əsasən demək olar ki, son 12 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi 20 dəfə artmış, valyuta ehtiyatı 48 milyard dollara çatmışdır. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar, valyuta ehtiyatları 1,6 milyard dollar olmuşdur. Azərbaycan investisiya cəlbediciliyini də yüksək səviyyədə qoruyur. Ölkəmizdə yaradılan əlverişli biznes mühiti dünyanın nüfuzlu mətbuat orqanlarında da geniş təhlil olunur və təqdir edilir. Nəşr olunan xarici qəzet və jurnallarda Azərbaycanla bağlı dərc olunan məqalələrdə qeyd olunur ki, Azərbaycan hökuməti ölkəni xarici sərmayədarlar üçün daha cəlbedici etmək istiqamətində addımlar atır.
Hazırda Azərbaycanın 7 ixrac kəməri mövcuddur. Neft-qaz hasilatı ilbəil artır. Azərbaycan 2015-ci ildə ölkə üzrə qaz hasilatını 30 milyarda catdırıb. Bu göstəricini , 2025-ci ildə 50 milyard kubmetrə çatdırmaqla regionun və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində rolunu daha da artırmağı planlaşdırır. Ölkəmizin ixrac imkanlarının genişləndiyini qeyd edən dövlət başçısı İlham Əliyev vurğulayır ki, təbii qaza nə qədər çox qənaət olunsa, o qədər də çox ixrac oluna bilər.
İnkişafın Azərbaycan modelinin daha da zənginləşdirilməsi üçün dünya bazarlarında yeni ünvanların əldə olunmasını vacib hesab edən Prezident İlham Əliyev ilk növbədə alternativ variantların seçiminə diqqətlə yanaşır. Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təminatında böyük imkanlara malik Xəzəryanı ölkələrin karbohidrogen ehtiyatlarından istifadə məsələlərinin müzakirəsində regionda geosiyasi cəhətdən daha əlverişli məkanda yerləşən Azərbaycana üstünlük verilməsi də siyasi cəhətdən sabit, sərmayələr üçün etibarlı imkan olan ölkəmizə maraqdan irəli gəlir.
Azərbaycanın idəstək vermədiyi heç bir layihə reallaşa bilməz
Prezident İlham Əliyevin söylədiyi kimi heç bir beynəlxalq layihənin reallaşması Azərbaycanın iştirakı olmadan mümkün deyil. Ölkəmiz tərəfindən irəli sürülən layihələrin heç birinin iflasa uğramadığını, hər birinin gözəl nəticələrlə sonuclandığını bildirən dövlət başçısı İlham Əliyev TANAP layihəsinin əhəmiyyətini də diqqətə çatdıraraq vurğulayır ki, bu layihə sırf Azərbaycan-Türkiyə layihəsidir. Pay bölgüsü 80 faiz Azərbaycan, 20 faiz Türkiyə tərəfinə çatacaq. Bu pay bölgüsü eyni zamanda maliyyə öhdəliyini göstərir. Layihə BTC və BTƏ neft-qaz layihələrindən az əhəmiyyət daşımır. "Bu bizə imkan verəcək ki, öz qaz resurslarımızı Türkiyəyə və ondan sonra Avropaya daha da böyük həcmdə nəql edək. Beləliklə, biz enerji siyasətimizdə əsas amil olan şaxələndirmə məsələlərinə tam şəkildə çatacağıq".
Ölkə Prezidentinin qeyd etdiyi kimi, dünyada böyük şirkətlər sırasında tanınan ARDNŞ-in son illərdə apardığı investisiya siyasəti ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edir. Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başcısı bildirdi ki, 2015-ci ildə Azərbaycanın uğurla inkişaf etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu bildirdi.
2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlətimizin başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirdi.Bütün sosial proqramların, o cümlədən sosial infrastruktur layihələrinin icra olunduğunu, yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlərin görüldüyünü deyən Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycan əhalisinin 114 min nəfər artdığını vurğuladı.
Prezident İlham Əliyev manatın məzənnəsindən danışarkən qeyd etdi ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir.
2016-cı ildə pensiya və əmək haqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşıran dövlətimizin başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verdi və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında tələb qoydu. 2016-cı ildə struktur islahatlarının aparılacağını, çevik idarəetmə mexanizmlərinin yaradılacağını və bununla bağlı yaxın vaxtlarda addımların atılacağını deyən Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacibliyindən danışdı, turizm və nəqliyyat sektorunun inkişafının diqqət mərkəzində saxlanılacağını dedi. Dövlətimizin başçısı nəqliyyat dəhlizlərinin səmərəli işləməsi ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq dedi ki, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılıb və artıq Azərbaycan, Gürcüstan, Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür. Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra isə Türkiyəyə məxsus tırların Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.
Bununla yanaşı, Prezident İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni "ASAN xidmət" mərkəzlərinin açılması və ona yeni səlahiyyətlərin verilməsi ilə bağlı tapşırıqlar verdi.
Azərbaycan özünün inkişaf modelini yaradır
Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət kursu ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmışdır. Son illər əldə olunan nailiyyətlər, beynəlxalq aləmə inteqrasiya, yüksək inkişaf tempi Azərbaycanın dünya birliyindəki mövqelərini daha da möhkəmləndirmişdir.
Dünyanın əksər ölkələrində qlobal maliyyə və iqtisadi böhranın acı fəsadları özünü qabarıq şəkildə göstərsə də, Azərbaycan bu çətin sınaqdan alnıaçıq-üzüağ çıxdı. Xarici siyasət sahəsində də qazanılan uğurlar yüksək qiymətləndirilir. Bu uğurlar hər bir soydaşımızı sevindirməli, xalqın taleyüklü problemlərinin aradan qaldırılmasında, xüsusilə işğal altında olan torpaqlarımızın azad olunmasında, qaçqın və məcburi köçkünlərin öz doğma ocaqlarına qaytarılmasında səylərimizi birləşdirməliyik. Birlik olarsa, bütün maneələrin aradan qaldırılması da bir o qədər asan olar. Təəssüf ki, özlərini müxalifət adlandıranlar ölkədəki inkişafı görməzliyə vurur, Azərbaycanda qarşıdurma yaratmaq istəyən xarici düşmənlərimizin çirkli pulları hesabına icazəsiz mitinqlər keçirməyə cəhd göstərir, bu yolla aranı qarışdırmaq, hakimiyyəti qəsb etmək istəyirlər. Təbii ki, belə antimilli ünsürlərin çağırışına səs verən yoxdur və olmayacaq da.
Nuhəli Kərimov
"Azərbaycan fermeri" qəzetinin baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB