Hikmət Məmmədov: "Gürcüstan və Azərbaycan arasında turizm əlaqələri birtərəfli inkişaf edib"

Hikmət Məmmədov: "Gürcüstan və Azərbaycan arasında turizm əlaqələri birtərəfli inkişaf edib"

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi qəbul olunub. SİA-nın məlumatına görə, müzakirələr zamanı millət vəkili, "Yeni Azərbaycan qəzeti"nin baş redaktoru Hikmət Məmmədov birgə bəyannamənin əhəmiyyətindən danışıb.

O, ilk olaraq iki ölkə arasında sərhədlərin delimitasiyası məsələsinə toxunub: "Bu, çox ciddi məsələdir. Gücüstan bizim strateji tərəfdaşımızdır. Çox yaxşı əməkdaşlığımız mövcuddur. Ancaq nədənsə bir zolaqda Azərbaycan sərhədlərini Gürcüstanla delimitasiya edə bilmir. Hesab edirəm ki, birgə bəyannəmədə olan çağırışdan müvafiq dövlət strukturları istifadə edərək bunu sürətləndirməlidirlər".

Millət vəkili Azərbaycan və Gürcüstan arasında turizmin inkişafı və iqtisadi ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb: "Gömrükdəki münasibətlərin bir qədər də liberallaşdırılmasına ehtiyac var. Bu məsələyə liberal yanaşılsa, faizlərdə güzəştlər olsa, Gürcüstan və Azərbaycan arasında sərhədyanı ticarət yaxşı inkişaf edə bilər".

Deputat qeyd edib ki, təəssüf ki, bu günə qədər Gürcüstan və Azərbaycan arasında turizm əlaqələri birtərəfli inkişaf edib: "Bu məsələ Azərbaycandan Gürcüstana turistlərin axını ilə bağlıdır. Gürcüstandan Azərbaycana turist cəlb edə bilmirik. Birgə bəyannamədə qeyd olunan fikirlər, Azərbaycandakı turizm sektoruna da çağırış olmalıdır".

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları tibbi turizmlə bağlı öncələr İrana, indi isə Gürcüstana üz tuturlar: "Tibbi turizmin də inkişafı önəmlidir. Müvafiq strukturlar bu məsələyə ciddi yanaşmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə