İqtisadçı: “İnkluziv iqtisadi artım və dayanıqlı inkişaf” modeli tətbiq olunmalıdır" AÇIQLAMA

İqtisadçı: “İnkluziv iqtisadi artım və dayanıqlı inkişaf” modeli tətbiq olunmalıdır" AÇIQLAMA

"Post-neft dövrünə daha effektiv, şaxələndirilmiş və inkişaf trendinə malik iqtisadiyyat üçün gərəkli olan "6 İ" yanaşmasını həyata keçirməklə hazır olmaq mümkündür". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Kənan Aslanlı deyib.

O qeyd edib ki, birinci "İ" sosial, fiziki və maliyyə infrastrukturu, ikinci makroiqtisadi sabitlik və biznes mühiti ilə sıx bağlı olan daxili və ya xarici investisiya, üçüncü istər mərkəzi, istərsə də yerli səviyyədə idarəetmə qərarlarının qəbulunu optimallaşdıran, idarəetməni vətəndaşlar üçün daha açıq və şəffaf edən informasiya sistemləri, dördüncü keyfiyyətli xidmət göstərən və bütün maraq tərəflərini qərar qəbuletmə prosesinə cəlb edən inkluziv institutlar, beşinci insanın təhsilinə və sağlamlığına çəkilən xərclərin toplamı kimi ifadə edə biləcəyimiz insan kapitalı, altıncı isə bütün istehsal və xidmət prosesində tətbiqi mümkün elmi-texniki yenilikləri və yeni həlləri nəzərdə tutan innovasiyalardır.

"Şərti olaraq neft dövrü adlandırdığımız zamanda ölkənin işçi qüvvəsinin 2%-dən də azının çalışdığı neft-qaz sektoru ölkə iqtisadiyyatının az qala yarısını formalaşdırır. İşçi qüvvəsinin 98%-i isə iqtisadiyyatın digər yarısını istehsal edir. Post-neft dövrü adlandıra biləcəyimiz yeni dönəmdə yeni iqtisadi model - "inkluziv iqtisadi artım və dayanıqlı inkişaf" modeli tətbiq olunmalıdır. İnkluziv iqtisadi artım ölkə əhalisinin daha böyük hissəsinin iqtisadi artıma töhfə verməsini və ondan mümkün qədər yüksək benefit əldə etməsini nəzərdə tutur" - deyə, iqtisadçı əlavə edib.

O bildirib ki, dayanıqlı inkişaf iqtisadi artım zamanı resursların elə istismarını nəzərdə tutur ki, bu zaman sosial bərabərsizlik yaranmadan gəlirlər yenidən bölünsün və ətraf mühitə neqativ təsir minimallaşdırılsın.

Bütün xəbərlər Facebook səhifəmizdə