"Azərbaycanda neft hasilatı bu il də azalacaq". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanın neft hasilatının göstəriciləri ilə bağlı danışarkən deyib.
O bildirib ki, Azərbaycanda neft hasilatının azalması neft qiymətlərinin aşağı düşməsi ilə bağlı deyil. Ekspert bu prosesi təbii hal kimi qiymətləndirib.
Onun sözlərinə görə, Azərbaycanda neft hasilatı ötən illərlə müqayisədə müəyyən dərəcədə aşağı düşüb: "Son illər ərzində Azərbaycanın neft hasilatında azalmalar müşahidə olunub. Həmçinin bu il də neft hasilatının azalacağı proqnozlaşdırılır.
Ümumilikdə neft hasilatında 2010-cu ildən bu yana 18 faiz azalma olub".
Neft yataqlarının artıq qocalma mərhələsini yaşadığını deyən İlham Şaban yataqlardan hasil olunan neftin azalmasını təbii bir proses kimi qiymətləndirib: "Neft yataqlarımız artıq öz imkanlarının axırıncı mərhələsini yaşayır. Demək olar ki, onlar öz qocalma dövrünü keçirir. Buna görə də, Azərbaycanda neft hasilatının bundan sonra da azalacağı gözlənilir. Əslinə qalsa bu prosesi təbii proses kimi qiymətləndirməliyik".
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Baş nazir müavini Arkadiy Dvorkoviç ölkədə neft istehsalını azaldacaqlarını açıqlamışdı. Səbəb isə neft qiymətlərinin aşağı düşməsi ilə bağlı idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB