SOCAR: "Araşdırmalar aparılır"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatlar hazırda şirkət tərəfindən araşdırılır. Bu barədə SİA-ya SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən məsələ şirkətdə mövcud olan korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq araşdırılır, nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.

Qeyd edək ki, KİV-də Q. Mehdiyevin həyat yoldaşı Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı 2014-cü il iyulun 4-də Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. K. Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən əldə edib. K. Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə