"Davos Forumu dövlətlər üçün meydandır" EKSPERT

"Davos Forumu dövlətlər üçün meydandır" EKSPERT

"Davos İqtisadi Forumu dövlət başçılarının, iş adamlarının toplaşdığı mühüm iqtisadi tədbirlərdən biridir. Hazırda dünyada gedən iqtisadi böhrandan dolayı hər kəs çalışır ki, ölkəsinə birbaşa xarici investor cəlb etsin. Bu baxımdan da Forum ölkəsinə investisya cəlb etmək istəyən dövlətlər üçün bir meydandır". Bu fikirləri SİA-ya iqtisadçı ekspert Azər Mehdiyev Davos Forumunun Azərbaycan üçün əhəmiyyətini şərh edərkən deyib.

Ekspert Azərbaycan üçün Forumun olduqca böyük əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan bu platformadan istifadə edərək iqtisadiyyatı, ölkədəki investisiya mühiti haqqında dünya ölkələrini məlumatlandırır: "Məlumdur ki, Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır və neftdən asılılığı minimuma endirməyə çalışır. Əgər indiyədək ölkədə daha çox neft sektoruna investisiyalar cəlb olunmuşdusa, beynəlxalq investorlar üçün neft sektoru cəlbedici idisə, indi Azərbaycan iqtisadiyyatın neftdənkənar sahələrinə investisya cəlb etmək niyyətindədir. Təbii ki, Davos Forumunda Azərbaycanda investorları gözləyən şərtlər, hansı şəraitdə investorların ölkəyə vəsait yatıracağına dair suallar öz cavabını tapdı. Xüsusilə onu da qeyd edim ki, Prezident İlham Əliyevin xarici investorlara ölkənin qapısının açıq olduğu ilə bağlı çağırışları çox önəmlidir. Hesab edirəm ki, orada verilən mesajlar sonrakı mərhələdə həm siyasi, həm də iqtisadi qərarlarla tamamlanmalıdır. İnvestorlar Azərbaycanla maraqlandıqda orada verilən mesajlara uyğun ölkədə mühit olduğuna əmin olmalıdırlar. Yəni, sözügedən Forum sırf xarici investorların ölkəyə cəlb olunması baxımından çox əlverişli platformadır və bundan maksimum dərəcədə faydalanmaq zəruridir".

Bütün xəbərlər Facebook səhifəmizdə