Ekspert: "Özəlləşdirmənin həyata keçirilməsi qaçılmazdır" AÇIQLAMA

Ekspert: "Özəlləşdirmənin həyata keçirilməsi qaçılmazdır" AÇIQLAMA

"Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində addımlar davam etdirilməlidir. Xüsusilə böhran şərtləri şəraitində bu proses sürətləndirilməlidir. Hazırda özəlləşdirmənin həyata keçirilməsi qaçılmazdır. Dövlət yüksək neft gəlirləri vaxtında həmin müsəssisələrin saxlanılması üçün yükü öz üzərinə götürmüşdüsə, artıq neft gəlirlərinin azaldığı, iqtisadi böhran yaşandığı dövrlərdə bu yükü tam çəkə bilməyəcək. Bu baxımdan özəlləşdirmə prosesinin özü çox ciddi şəkildə işlənilməlidir". Bu fikirləri SİA-ya açıqlmasında iqtisadçı ekspert Azər Mehdiyev deyib.

O, özəlləşdirmə sahəsində təkliflərini irəli sürüb: "Qismən özəlləşdirilən sahələr də var. Məsələn, kommunal xidmət sferası uzunmüddətli idarəetməyə verilə bilər. Xarici ölkələrin bu sahədə təcrübəsi olan şirkətlərini bura cəlb etmək olar. Buraya enerji paylayıcı şəbəkələr daxil ola bilər. "Azərişıq", "Azərsu", "Azəriqaz" və s. bu kimi sahələr uzunmüddətli idarəetməyə verilə bilər. Onlar həm bu sahələrə investisiya qoya, həm burada olan bədxərcliyi aradan qaldıra, həm də şəffaf hesabatlılıq sistemi qura bilərlər".

Ekspert son illər Azərbaycanda nazirliklərin, dövlət qurumlarının və şirkətlərinin nəzdində, onların tam və ya qismən təsisçiliyi ilə çoxsaylı MMC-lər yaradıldığını, hökumət tərəfindən bu müəssisələrin üzərinə müəyyən öhdəliklər qoyulduğunu bildirib. Onun sözlərinə görə, belə qurumlar "Azərsu"dan tutmuş Dövlət Neft Şirkətinə qədər müxtəlif müəssisələrin nəzdində mövcuddur. Qeyd edib ki, bu cür MMC-lərin hamısının özəlləşdirməyə çıxarılması, dövlət payının satılması zəruridir: "Bu özəlləşdirmə prosesi rəqabətli qaydada xarici investorları cəlb etməklə şəffaf şəkildə həyata keçirilməldir ki, qurumlar səmərəli sahibkarın əlinə düşsün və hansısa dövlət məmurlarına yaxın insanlar tərəfindən özəlləşdirilməsin. Belə olsa, dövlət büdcəsi prosesdən kifayət qədər gəlir əldə edə bilər. Özəlləşdirmənin ilk addımı əslində bu prosesin düzgün həyata keçirilməsi üçün doğru biznes mühitinin formalaşdırılması, rəqabətin, açıq tender şəraitinin yaradılmasından keçir. Sonra konkret müəssisələrə fərdi yanaşmaqla, hansının tam özəlləşdirilməsi, hansında dövlətin səhmlərinin bir hissəsinin satılması və s. kimi qərarlar qəbul etmək olar".

O bildirib ki, Dövlət Neft Şirkətinin tərkibinə daxil olan "Azərkimya"nın kimya sənayesi müəssisələrinin özəlləşdirilməsi vacibdir: "Bura xarici investorlar cəlb olunmalıdır. Yalnız onlar deyil, Azərbaycanda son illərdə yaradılan özəl müəssisələr müasir biznes təcrübəsinə malik olmadıqlarına görə, özlərini səhmləşdirmək və səhmlərinin bir hissəsini xarici investorlara satmaqla bu sahəyə daha yaxşı bilik və bacarıqlar gətirmiş olarlar".

Bütün xəbərlər Facebook səhifəmizdə