Ziyad Səmədzadə: "Bu qanun əhali arasında bütün hay-küyə son qoyacaq"

Ziyad Səmədzadə: "Bu qanun əhali arasında bütün hay-küyə son qoyacaq"

"Bir çox ölkələrdə qlobal dünya böhranın təsiri yaşanır. Onlar öz valyuta ehtiyatlarını itirir, sosial-iqtisadi göstəricilərini xeyli aşağı salır, ixtisarlar edirlər. Bu fonda Azərbaycan iqtisadiyyatı dinamiklik göstərir, inkişaf edir. Dünən cənab Prezident keçirdiyi iclasda Azərbaycan iqtisadiyyatının davamlılığı, xalqın həyatının daha da yaxşılaşdırılması naminə hökumətə mühüm tapşırıqlar verdi". SİA-nın məlumatına görə, bu sözləri bu gün keçirilən Milli Məclisin növbədənkənar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O qeyd edib ki, devalvasiya prosesindən sonra müəyyən təzyiqlər olsa da, Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, atdığı addımlar Azərbaycan iqtisadiyyatının inkişafını davam etdirəcəyinə əminlik yaradır.

Bildirib ki, neftin qiymətlərinin 4 dəfə ucuzlaşması bizdən asılı olmayan səbələrlə bağlıdır: "Ölkədə iqtisadi planlar dəqiqləşdirilməli, cari xərclər azaldılmalı, milli iqtisadiyyatımızın inkişafına yönələn xərclər artırılmalıdır. Qarşımıza qeyri-neft sektorunun inkişaf etdirilməsi, sənayenin inkişafına nail olmaq, əhalinin bütün təbəqələrinin müdafiə sistemini gücləndirmək kimi vəzifələr qoyulub. Qısa zamanda heç bir dövlət bu qədər sistemli tədbirlər həyata keçirməyib".

Komitə sədri bildirib ki, "Əmanətlərin sığortalanması haqqında" qanunun təşəbbüskarı bir neçə il öncə cənab Prezident olub və çətinlik olanda əmanətlərin sığortalanmasını hökumət öz üzərinə götürür: "Hazırda banklarda 9 milyarda yaxın əmanət, 6,5 milyon əmanətçi var. Onların illik aldığı divident isə 500 milyon manatdır. Əmanətlərin qorunması üçün bu qanun layihəsi önəmlidir. Yeni qanuna əsasən dividentlərdən heç bir faiz tutulmayacaq. Bu isə 1 il ərzində 90-100 milyon manata qədər pul edir. Əmanətlərin sığortalanması fondu da təkmilləşdirilir".

Z. Səmədzadə deyib ki, "Əmanətlərin tam sığortalanması haqqında" yeni qanun layihəsinin MDB-də analoqu yoxdur: "Bu qanun qüvvəyə minəndən sonra əhali heç bir hay-küyə baxmadan rahat şəkildə öz əmanətlərini banklara qoya biləcəklər. Borclu olanda belə onların əmanətləri qorunmalıdır. Bu qanunların Azərbaycan iqtisadiyyatı, cəmiyyəti üçün böyük əhəmiyyəti var".

Millət vəkili vurğulayıb ki, Azərbaycanın 40 milyard valyuta ehtiyatı var: "Neftin qiymətlərinin ucuzlaşması ilə bir qədər maliyyə ehtiyatı itirdik. Ancaq indi bundan qənaətlə istifadə etməliyik. Valyuta ehtiyatlarımızı dollarla hesablasaq, ümumi daxili məhsulun həcminə bərabərdir. Ölkədən çıxan valyuta etiyatlarını tənzimləmək lazımdır ki, kapital Azərbaycandan qaçmasın, ölkəmizə investisiya qoyulsun. Azərbaycanda valyuta məzənnəsi də tənzimlənməlidir. Bu, ölkənin valyutasını sabit saxlamaq üçün lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə