Emin Əliyev: “İstehsalçılar davranışlarını dəyişmir" AÇIQLAMA
"Neft bazarında olan situasiya gərginləşir. Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin dayandırılması faktorunu bazar neft üçün neqativ mesaj kimi qəbul etdi. Hazırda neftin qiymətini formalaşdıran əsas amil - "qiymət müharibəsidir". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı dünən Avropa ölkələrinin alıcıları üçün öz neftinə əhəmiyyətli diskont etdi: "Geosiyasi vəziyyətin gərginliyi qiymətin müsbət dinamikası üçün təsir mexanizminə çevrilə bilərdi, lakin göründüyü kimi hazırda bu impuls neftin bazarda mövcud olan artıq təklif amilini üstələyə bilmir.
Əsas istehsalçılar öz davranışlarını dəyişdirmirlər. ABŞ-dan gələn məlumatlar onu göstərir ki, Amerika neft şirkətlərinin ehtiyyatları kifayət qədərdir. Ehtiyyat dedikdə isə ilk növbədə kapital cəlb edib istehsalı artırma imkanları nəzərdə tutulur. Misal üçün slans neftinin istehsalçılarından biri olan Pioneer Natural Resources 6 yanvar tarixində Texasdakı mədənlərdə yeni quyuların qazılması və mövcud olanlarda məhsuldarlığı artırmaq üçün əlavə 1.4 milyard dollar vəsait cəlb edə bildi. Texasdakı neft hətta mövcud qiymətlərdə rentabellidir. Sözsüz ki, slans neftini heç də asan olmayan il gözləyir, lakin Pioneer Resources şirkətinin nümünəsi onu səbut edir ki, investorların bu sahəyə marağı hələ də yüksəkdir".
Ekspert əlavə edib ki, hazırki şəraitdə tələb faktoru bazarda disbalansı aradan qaldırmaq üçün vacib amillərdən biridir: "Lakin, qiymət düşməsinə baxmayaraq bu istiqamətdə də hələ ki hərəkət müşahidə olunmur. İnvestorların fikrincə inkişaf edən bazarlarda da bu il gərgin keçəcək. Çindən gələn məlumatlar da vəziyyətə optimizm əlavə etmir, əksinə maliyyə bazarlarında olan gərginliyə impuls verməkdə davam edir. Çindən gəlməkdə davam edən makroiqdisadi xəbərlər neftin barelinin yaxın zamanda 35 ABŞ dollarından artıq yüksələcəyini şübhə altında qoyur. Texniki görüntü isə qiymət hücümunun tezliklə 30 dollara yönələcəyinə əsas verə bilir. Lakin qiymətin dibinin harada olmasını hələ də proqnozlaşdırmaq çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB