"Bu manatın ucuzlaşmasının son həddi deyil. Bundan sonra da proses davam edəcək". Bu sözləri iqtisadçı ekspert Samir Əliyev manat məzənnəsinin son vəziyyəti ilə açıqlamasında bildirib.
SİA-nın məlumatına görə, ekspert bu hadisəni gözlənilən devalvasiyanın baş verməsi kimi qiymətləndirib. Manatın bütün valyutalara, o cümlədən dollara münasibətdə dəyərini 47,6% itirdiyini və hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpik olduğunu deyən ekspert açıqlamalarında bunun baş verəcəyini, sadəcə zaman məsələsi olduğunu qeyd etdiklərini söyləyib: "Hökumət üzən məzənnəyə keçid barədə danışanda artıq devalvasiyanın olacağına heç şübhə yeri qalmamışdı. Bir sözlə, müzakirə zaman və forma barədə gedə bilərdi.
Qeyd etmişdik ki, hökumət valyuta ehtiyatlarını qoruyacaq və uzağı 5 milyard dollara qədər əriməsinə imkan verəcək. Son məlumatlara əsasən Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi".
O bildirib ki, Federal Ehtiyat Sistemi (FED) uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etmişdik: "Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə ilk növbədə kəskin ucuzlaşmanı göstərir. Bizdə də fərqli ssenari olmadı. Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi. Əgər manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı indi kəskin devalvasiyaya ehtiyac qalmazdı".
Üzən məzənnəyə keçidin manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracağını qeyd edən ekspert, neft ucuzlaşdıqca və dollar bahalaşdıqca manatın ucuzlaşmasını müşahidə edəcəyimizi bildirib: "Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək.
Bu manatın ucuzlaşmasının son həddi deyil. Bundan sonra da proses davam edəcək. Ola bilsin müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq".
Samir Əliyev vurğulayıb ki, banklar bu prosesdən zərbə alacaqlar, buna görə də hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır: "Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq.
Əsas problem inflyasiya olacaq. Hökumət yenə də inzibati yolla qiymət artımının qarşısını almağa başlayacaq. Ancaq bu, çox çəkə bilməz. Ona görə hökumət devalvasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir. Bu sferada inhisar aradan qalxmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB