Manatın ucuzlaşması gözlənilir? EKSPERT RƏYİ

Manatın ucuzlaşması gözlənilir? EKSPERT RƏYİ

Dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayır. Bunun fonunda da milli valyutamız sabit olaraq qalır. Düzdür, bəzi iqtisadçılar dünyada ABŞ dollarına olan tələbatın artacağını və bununla əlaqədar olaraq Azərbaycan manatının dəyərinin ucuzlaşacağını qeyd edirlər. Dünya iqtisadiyyatında baş verən proseslərin, həmçinin ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı ölkəmizə ciddi təsirləri olub olmayacağına dair ekspertlərin rəyini öyrənməyə çalışdıq.

Bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankından bildirilib ki, manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir və Mərkəzi Bank tərəfindən ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.

Millət vəkili Azər Badamov qeyd edib ki, Federal Rezerv Sisteminin uçot dərəcəsi baza faiz dərəcəsi 0,25% artırıbsa, bu artım çöx cüzidir və dünya iqtisadiyyatına təsiri çox da böyük olmayacaq: "Düşünürəm ki,müəyyən qədər dəyişikliklərin olması da labüddür. Bu baxımdan milli valyutamızda da müəyyən dəyişikliyin olması gözləniləndir. Ümumiyyətlə neftin qiymətinin aşağı düşməsi dünya iqtisadiyyatını böhranlı vəziyyətə salıb. Dünyanın inkişaf etmiş ölkələri bunula əlaqədar bir çox çətinliklərlə qarşılaşıb. Avropada iqtisadiyyatının aşağı düşməsi, yüksək iqtisadi artımı olan Çin valyutasının , hətta MDB məkanı ölkələrin valyutalarının dəyərinin azalması bir daha onu göstərdi ki, dünya iqtisadi sistemində baş verən proseslər bütün ölkələrin iqtisadiyyatlarına müəyyən qədər təsir edir. Bu ilin fevral ayında milli valyutamız dünyada baş verən iqtisadi proseslərin təsiri olaraq dəyərin azalması baş verdi. 2016 -cı ilin dövlət büdcəsini qəbul edəndə neftin qiymətini 50 dollardan nəzərdə tutmuşduq. İndiki halda isə bu qiymət 40 dollardan da aşağı düşüb. Belə hal davam edərsə təbii ki, valyutamızın dəyərinə müəyyən qədər təsir olacaqdır. Amma bu proseslər manatın kəskin ucuzlaşmasına gətirib çıxarmayacaq. Neftin qiymətindəki azalma son həddə gəlib çatıb ki, 2016- cı ildə neftin qiymətində artım dinamikası dəyişə bilər. Belə olan halda Azərbaycan iqtisadiyyatı daha da möhkəmlənəcək. Bununla yanaşı ölkəmizdə qeyri-neft sektoru inkişaf etdirilir. Bir neçə il əvvəl başladılan iqtisadi layihələr qarşıdan gələn illərdə ölkəmizin ixrac potensialının artmasına gətirib çıxarmaqla yanaşı, dövlət büdcəsinə əlavə gəlirlər gətirəcəkdir. Ən əsası da odur ki, ölkəmizin iqtisadi siyasəti xalqımızın rifahının yaxşılaşmasına xidmət edir və gələcək illərdə də öz müsbət inkişaf dinamikasını qoruyub saxlayacaqdır".

İqtisadçı ekspert Vüqar Bayramov ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın gözlənilən olduğunu bildirib. Ekspert qeyd edib ki, bu addım atılan zaman qlobal valyuta bazarı daha çox reaksiya verdi: "Qərar qəbul ediləndən sonra avronun dollara nisbətən məzənnəsində kəskin azalamalar müşahidə edilmədi. Qərara əsasən ucuz pul siyasətinin bahalı pul siyasətinə keçidin əsası qoyuldu. Bu da artıq birmənalı şəkildə dünyada dolların məzənnəsinin mərhələli olaraq möhkəmlənməsinə gətirib çıxaracaq. Federal Rezerv Sisteminin qərarı ilə dollar məzənnəsinin müqayisəli möhkəmlənməsi manata birbaşa deyil dolayısıyla təsiri var. Belə ki, Azərbaycanda bir valyutadan istifadə edildiyi üçün iqtisadi baxımdan dolların möhkəmlənməsinə, avronun isə zəifləməsinə gətirib çıxara bilər. Azərbaycan Mərkəzi Bankı mövcud milli valyuta məzənnəsini qoruyub saxlamaq imkanına malikdir. Bu baxımdan milli valyutanın məzənnəsinin necə dəyişməsi artıq Mərkəzi bankın qəbul etdiyi qərardan asılıdır. Əgər Mərkəzi bank mövcud siyasəti davam etdirərsə, o zaman məzənnədə dəyişikliklər olmayacaq. Mövcud siyasət imkan verir ki, manatın məzənnəsi qorunub saxlanılsın".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə