Cavid Qurbanov: "Biletlər “online” satılacaq" AÇIQLAMA

Cavid Qurbanov: "Biletlər “online” satılacaq" AÇIQLAMA

"Bakı-Sumqayıt dəmir yol xətti düz deyil. Təsəvvür edin, Bakıdan çıxan qatar Zabrat, Pirşağı, Novxanı, Corat və Sumqayıt stansiyasından keçib, Xırdalan və Biləcəridən Bakıya gəlməlidir. Bu, böyük dairədir. Bu layihəni yeniləmək üçün böyük maliyyə vəsaiti tələb olunur". Bu sözləri Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O, sözügedən dəmiryol dairəsinin bir xətli uzunluğunun 91, ikixətli uzunluğunun isə 180 km olduğunu qeyd edib. QSC sədri bildirib ki, bütün bu yolun ətrafı satılıb, yol qıraqlarında qanunsuz tikililər inşa olunub: "Yollardan kanalizasiyalar, qeyri-rabitə xətləri çəkilib. Bunları yeniləmək üçün xətti ayırmaq, mühafizə strukturunu qurmaq lazımdır ki, ora insanlar, heyvanlar çxımasın. Keçidlər də olmalıdır. Böyük bir layihədir. Bu layihəni 500-550 milyon dollar qiymətləndirirlər. Bu gün o qədər imkanlarımız yoxdur".

O vurğulayıb ki, Bakı - Sumqayıt qatarları yolu 40 dəqiqəyə qət edirlər və hər gün bu qatarlardan 300-ə yaxın insan istifadə edir. QSC sədri deyib ki, əgər bu dairənin yenilənməsi reallaşsa, qatarlardan 20-40 min insan istifadə edəcək: "Hələlik Biləcəri və Xırdalan stansiyalarını istifadəyə verə bilməmişik. İqtisadi gücümüz o qədərə çatmır. Amma gələcəyə bu stansiyaların istifadəsi planlaşdırılır".

C. Qurbanov bildirib ki, gediş haqqlarında dəyişiklik gözlənmir: "Bu gün tariflərimiz dünya ilə müqayisədə aşağıdır. Rusiyada həmin məsafəyə gediş haqqı 6, Fransada 20 dollara yaxındır. Sosial məsələ olduğu üçün bunun qiymətini artırmırıq".

O qeyd edib ki, yaxın zamanda ölkəmizə 2 yeni qatar gətiriləcək: "Stadler qatarları Minskdədirlər. Onlardan biri artıq yola çıxıb. Digəri isə dekabr və ya yanvarın sonuna qədər gətiriləcək. Texniki məsələlər həll olunmalıdır".

QSC sədri vurğulayıb ki, tezliklə bilet satışı "online" sistemə keçiriləcək: "Bununla bağlı işlər gedir. Proqram hazırlanır. Bu, böyük və bahalı proqramdır".

Bütün xəbərlər Facebook səhifəmizdə