"Lisenziyalar az olsa, sahibkarların işi rahat olar"

"Lisenziyalar az olsa, sahibkarların işi rahat olar"

"Lisenziyalarla əlaqədar internet portalın yaradılması, o cümlədən qanun layihəsinin hazırlanaraq 3 ay müddətinə Milli Məclisə təqdim olunması haqda 2011-ci ilin fevralında cənab Prezidentin fərmanı olub. Bu, Prezident tərəfindən imzalanan ikinci fərmandır". Bu fikirləri deputat Vahid Əhmədov Milli məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, təklif olunan qanun layihəsi lisenziyalar haqqında insanlarda yaranan bütün suallara cavab tapmaq üçün önəmli addımdır.

Millət vəkili bildib ki, icazə ilə əlaqədar qeyri-obyektiv işlər aparılır: "Məsələn, rayon icra hakimiyyətlərinə icazə veriblər ki, çaylardan cınqılları daşımaq üçün razılıq versinlər. Hazırda Şimal rayonlarında vəziyyət acınacaqlıdır. Orada çaylardan o qədər cınqıl daşınır ki, körpülər artıq tab gətirmir, çaylar öz məcrasından çıxır. Belə razılıqların verilməsi məqsədə uyğun deyil".

Deputat vurğulayıb ki, bu gün lisenziyaların sayı da narahatedici məqamlardandır. "Əsas iş lisenziyaların sayının azaldılması istiqamətində gedir. Biz hər sahəyə görə lisenziya verə bilmərik. Bu prinsipə bir qədər aydınlıq gətirilməlidir. Lisenziyaların sayı nə qədər az olsa, sahibkarların işi bir o qədər rahat olar. Həmçinin lisenziya verənlərin sayı çoxdur. Lisenziyada vahid pəncərə prinsipinin tətbiqi vacibdir. Bütün bunlar isə yeni qanun layihəsində öz əksini tapıb".

Bütün xəbərlər Facebook səhifəmizdə