Hansı kredit borcları silinə bilər? Ekspert

Hansı kredit borcları silinə bilər? Ekspert

"Əgər kredit borcları tamamilə silinsə, bank sektorunda müəyyən bir sağlamlaşma olacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bəzi bank kreditlərinin əhaliyə bağışlanması təkliflərinə münasibət bildirib.

Onun sözlərinə görə, verilən bu təklif qulağa xoş gəlsə də, müəyyən sual da yaradır - banklar hansı mənbələr hesabına öz problemlərini həll edəcəklər: "Kredit faktoru bankların əksəriyyəti üçün ciddi rol oynayır. Təbii ki, kreditlərin artması da banklara ciddi ziyan vurur. Bir çox bank məhkəmələrə müraciət edərək bəzi kreditlərin geri qaytarılmasına çalışır. Əslində bəzi kreditlərin ləğv olunması ilə bağlı hər hansı bir qərarın qəbul olunması çox yaxşı bir addım olardı".

Ekspert bildirib ki, belə bir qərarı qəbul etmək üçün ilk öncə hökumət nümayəndələrinin iştirakı ilə Mərkəzi Bank və kommersiya bankları arasında dəyirmi masa təşkil edilməlidir: "Belə bir böhran xarakterli dəyirmi masa devalvasiyadan sonra təşkil edilsəydi, daha yaxşı effekt verə bilərdi. Çünki o zaman ümumi kredit borclarının həcmi 1 milyard manat idi. Bu gün isə bu rəqəm 1 milyard 600 milyon manata yaxınlaşıb. İl sonunadək isə 2 milyard manata çatacaq. Əgər bu borclar tamamilə silinsə, bank sektorunda müəyyən bir sağlamlaşma olacaq. Bundan sonra onlar daha diqqətli kreditlər verəcəklər".

Kreditlərin ləğv olunma şərtlərinin necə həyata keçirilə biləcəyindən danışan Natiq Cəfərli qeyd edib ki, burada kredit götürənlərin və onların partnerlərinin imkanları nəzərə alınmalıdır: "Bəzi kreditlər uzun illərdir ki, geri qaytarılmır. İlkin olaraq 3 və ya 5 ildən artıq qaytarılmayan kreditlər zərərli kreditlər hesab olunaraq silinə bilər. Daha sonra isə kredit götürən şəxslərin və onların partnerlərinin imkanları nəzərə alınaraq müəyyən güzəştlər tətbiq edilə bilər. Bankları bir müddət vergilərdən azad etməklə vergilərin əvəzinə borcları silmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə