"Turizm komplekslərində qiymətlər bahadır" Açıqlama

"Turizm komplekslərində qiymətlər bahadır" Açıqlama

"Turizm komplekslərində qiymətlər çox bahadır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda qış turizminin inkişafı ilə bağlı danışarkən deyib.

Natiq Cəfərlinin fikrincə Azərbaycan Qusarda qış turizmi ilə bağlı açılan böyük və cəlbedici kompleksin potensialından hələ tam şəkildə istifadə edə bilmir: "Biz bunu həm xarici turistlərin sayında, həm də daxili turizm etibarilə hiss edirik. Əsas səbəb qiymətlə bağlıdır. Çünki bu komplekslərdə qiymətlər çox bahadır. Bu insanların qarşısında duran əsas əngəldir".

Onun sözlərinə görə, Azərbaycanın qış turizmi ilə bağlı bölgədə kifayət qədər güclü rəqibləri var: "Gürcüstanda qış turizmi ilə bağlı çox böyük işlər görülüb. Orada qiymətlər də xeyli dərəcədə ucuzdur. Əgər biz turist cəlb etmək istəyiriksə, o zaman həm keyfiyyət, həm də qiymət baxımından çox önəmli addımlar atmalıyıq. Bunun üçün artıq müəyyən şərait də yaranıb. Hazırda Rusiya turistlərinin Türkiyə və Misirə getməsi ilə bağlı problemlər yaranıb. Xüsusilə də Türkiyəyə qış turizmi ilə bağlı Rusiyadan çoxlu sayda turist gedir. Əslində bu boşluqdan istifadə edərək turistləri Azərbaycana cəlb etmək olar. Qusarda yaradılan kompleks həm məsafə, həm də dil baxımından rusiyalı turistlərə sərf edir".

Ekspert qeyd edib ki, Azərbaycan Rusiya və ya Ukrayna kimi rusdilli dövlətlərdən çoxlu sayda turist cəlb edə bilərik, lakin bunun üçün reklama ehtiyac var: "Hər bir turizm bölgəsinin özünəməxsus cəlbediciliyi olmalıdır. Məhz həmin cəlbedici xüsusiyyət üzərində yaxşı reklam qura bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə