Gömrük əməkdaşlarının bilikləri artırılır

Gömrük əməkdaşlarının bilikləri artırılır

Noyabrın 24-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində "Gömrük idarələrinin hüquq-mühafizə fəaliyyətinin təşkili və həyata keçirilməsinin metodları üzrə Kompendium" a dair seminar öz işinə başlayıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə Əfqanıstan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Moldova və Ukrayna gömrük xidmətlərinin nümayəndələri iştirak edir.

Seminarın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı gömrük idarələrinin hüquq-mühafizə fəaliyyətinin təşkili və həyata keçirilməsinin metodları üzrə Ümumdünya Gömrük Təşkilatının 2011-ci ildən başlanan təşəbbüsündən danışıb.

Bildirilib ki, seminarda məqsəd - hüquqpozma predmeti kimi götürülən əmlakın səmərəli şəkildə idarə edilməsi barədə tədbirlər toplusunun və qabaqcıl təcrübələrin öyrənilməsi, təcrübə mübadiləsinin təşviqi, qabaqcıl təcrübələrin tətbiqinə dəvət və bu təlim materiallarını milli səviyyədə gündəlik hüquq-mühafizə prosedurlarına daxil etmək üçün gömrük əməkdaşlarının biliklərini artırmaqdır.

Üç gün davam edəcək seminar zamanı "Risklərin qiymətləndirilməsi, analizi və praktiki tapşırıqlar", "Yerli qanunvericilik, təcrübə və prosedurlar haqqında plenar sessiya", "Götürülmüş malların göndərilməsi, saxlanması və barəsində sərəncam verilməsi ", "Məlumat mübadiləsi", "Digər təşkilatlarla razılaşdırılmış əməkdaşlıq", "Dəlillərin növləri", "Cinayət işlərinin idarə olunması" və digər mövzularda iştirakçılara ətraflı bilgi veriləcək.

Seminar Ümumdünya Gömrük Təşkilatının ekspertləri tərəfindən aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə