KTN-də görüş FOTO

Bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Yaponiya Hökümətinin İnkişafa Rəsmi Yardım Proqramı çərçivəsində həyata keçirilmiş layihələri qiymətləndirmək məqsədi ilə Azərbaycanda səfərdə olan Yaponiya nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə nazir müavini İlham Quliyev Azərbaycanla Yaponiya arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələri barədə, bu sahədə həyata keçirilən layihələr və onların müsbət nəticələri haqqında məlumat vermiş, iki ölkə arasında əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. Qeyd edilib ki, 1998-ci ildən başlayaraq Yaponiya Hökümətinin ayırdığı qrantlar, eləcə də Tərəfdaşlıq Fondu və Dövriyyə Hesabına yığılmış vəsaitlər hesabına müxtəlif kənd təsərrüfatı texnikaları alınaraq məhsul istehsalçılarının istifadəsinə verilib. Hazırda Yaponiya Höküməti tərəfindən həyata keçirilən "Aztəminatlı fermerlərə yardım layihəsi (2KR)" çərçivəsində alınmış texnikaların istifadəsindən Tərəfdaşlıq Fonduna və Dövriyyə Hesabına toplanmış vəsaitlər hesabına kənd təsərrüfatı üçün zəruri olan yeni avadanlıqların, həmçinin "Qeyri-Layihə üzrə Qrant Yardımı" çərçivəsində ayrılmış qrant vəsaiti hesabına Yaponiyanın kiçik və orta həcmli müəssisələri tərəfindən istehsal olunan avadanlıqların alınması istiqamətində işlər aparılır. Görüşdə vurğulanıb ki, bazar iqtisadiyyatına keçid dövründə 2KR layihəsi Azərbaycan üçün olduqca uğurlu olub, kənd təsərrüfatında öz müsbət nəticələrini göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə